Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Elektron hökumət" quruculuğu barədə növbəti seminar Ağdaşda keçirildi


Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin ekspertləri tərəfindən “Elektron hökumət” quruculuğu barədə regionlarda keçirilən maarifləndirici seminarlar Ağdaş rayonunda yekunlaşıb. Seminar Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilmiş Avrasiya Əməkdaşlıq Fondunun həyata keçirdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramı çərçivəsində baş tutub.
 
Seminarda çıxış edən Ağdaş rayon Dövlət Humanitar Kollecinin direktoru Namiq Mehdiyev idarəetmədə günün tələbi olan elektronlaşmanın rolu və önəmindən bəhs edib.
 
Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin eksperti Xalid Kazımov isə layihənin məqsədi barədə məlumat verib. Bildirib ki, sürətlə inkişaf edən sosial xidmətlərin elektronlaşdırılması prosesinə vətəndaş nəzarəti və ictimai tələb vacibdir: “Bu gün “Elektron hökumət” quruculuğu sahəsində aparılan işlər yaşam dinamikasının sadələşdirilməsi və sivil hüquqların qorunması üçün kifayət qədər resurslar təqdim edir. Bu resursların sayının çoxluğu və virtual olaraq vətəndaşlara açıq olması sosial rifahın yaxşılaşdırılması üçün nəzərdə tutulub. Bu istiqamətdə qanunvericilik islahatları davamlı şəkildə vətəndaş rəyinə və istifadəsinə uyğun inkişaf etdirilir.” Bu baxımdan, “Elektron hökumət” portalından istifadənin vacibliyini vurğulayan ekspert qeyd edib ki, elektron xidmətlər vaxta və enerjiyə qənaət, məmur-vətəndaş ünsiyyətindən azad olmaq kimi üstünlüklər yaradır.
 
Daha sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri Günay Hüseynova və Elvin Cəfərli İKT-nin xidmət sahələrinə tətbiqi ilə bağlı rəsmi sənədlərdən, “Elektron hökumət” portalının qanunvericilik bazası, portalın yaranması və inkişaf mərhələləri, eyni zamanda ondan istifadə etmə qaydaları barədə məlumat veriblər.
 
Belə ki, “Elektron hökumət” portalı seminar iştirakçılarına praktiki olaraq göstərilib, portalın giriş vasitələri, xidmət qrupları və ən çox müraciət olunan elektron xidmətlər, həmçinin vətəndaşların portaldan istifadəsini sadələşdirən alətlər əyani olaraq test edilib.
 
Seminar sual-cavab sessiyası, müzakirələrlə yekunlaşıb. Sonda tədbirin fəal iştirakçılarına “Elektron hökumət” portalına daxil olmaq üçün istifadəçi adı və şifrlər təqdim edilib.













28/04/17    Çap et