Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu gün Stiv Cobsun dünyasını dəyişdiyi gündür (FOTO + VİDEO)


Heç kim ölmək istəmir. Amma ölüm hamımız üçün son dayanacaqdır. Hələ ki heç kim əcəldən qaçmayıb.
 
Stiven Pol Cobs 1955-ci il fevralın 24-də Kaliforniya ştatının San-Fransisko şəhərində doğulub. Cobsun valideynləri - amerikalı Coan Kerol Şible və suriyalı Əbdülfəttah Con Candali körpənin dünyaya gəlməsindən bir həftə sonra ondan imtina ediblər. Kaliforniya ştatının Santa-Klara dairəsindəki Mauntin Vyu şəhərciyində yaşayan ailə Cobsu övladlığa götürüb.
 
Stiv 1972-ci ildə Kupertino şəhərində yerləşən məktəbi bitirdikdən sonra Oreqon ştatındakı Portland kollecində ali təhsil almaq istəsə də, birinci semestrdən sonra ordan qovulub. O, 1974-cü ildə Kupertinoya qayıtdıqdan sonra kompüter texnikası və yeni həllərə böyük maraq göstərməyə başlayıb və "Homebrew Computer" adlı yerli kompüter klubunun fəal iştirakçısına çevrilib. Klubun iclaslarının birində isə o,  gələcək tərəfdaşı Stiv Voznyakla dostlaşıb.
 
1976-cı ildə "Apple Computer, Inc." şirkətinin yaradılması zamanı Stiv Cobs kompüter oyunlarının hazırlanması ilə məşğul olan "Atari" şirkətində işləyirdi. O, Voznyakın təşəbbüsü ilə fərdi kompüter (FK) hazırlayıb. Bu model o qədər uğurlu alınıb ki, Cobs və Voznyak kompüterlərin kütləvi istehsalına başlamağa qərar veriblər.









Cobsun rəhbərliyi altında "Apple" 10 il müddətində kompüter bazarında lider mövqeni qoruyub saxlamağa müvəffəq olub. 200 ədəd "Apple I" kompüterinin satılması yeni şirkət üçün çox yaxşı göstərici idi. 1977-ci ildə "Apple II" FK-i buraxılıb və 5 il ərzində ən populyar fərdi kompüter olub.
 
Amma 1985-ci ilədək bir sıra uğursuz kompüter modellərinin (Apple III) istehsalı, bazar payında geriləmə və rəhbərlikdə fasiləsiz  münaqişələr fonunda əvvəlcə Voznyak, bir qədər sonra Cobs "Apple" şirkətini tərk edib. O, 1985-ci ildə aparat təminatı və işçi stansiyaların yaradılması sahəsində ixtisaslaşmış "NeXT" şirkətini təsis edib.
 







Bir il sonra "Pixar" animasiya studiyasının yaradıcılarından biri olub. Cobsun rəhbərliyi altında "Pixar" studiyası "Oyuncaqların tarixi" və "Divlərin korporasiyası" kimi populyar filmlər istehsal edib. O, 2006-cı ildə "Pixar" şirkətini "Walt Disney" studiyasına 7.4 milyard dollara satıb. Cobs "Pixar" şirkətinin direktorlar şurasında yer almaqla yanaşı, həm də "Disney" studiyasının ən böyük səhmdarı olub.
 
1996-cı ildə "Apple" şirkəti "NeXT"-i satın almağa qərar verib. Nəticədə Stiv Cobs şirkətin direktorlar şurasına daxil olaraq o zaman problemlər içində üzən "alma" korporasiyasının müvəqqəti direktoru təyin edilib. 1998-ci ildə Cobsun təşəbbüsü ilə uğursuz layihələr dayandırılıb.
 
2000-ci ildə onun vəzifəsinin adından "müvəqqəti" sözü çıxarılıb və "Apple"ın təsisçisi ən az maaş (rəsmi sənədlərə əsasən, o zaman Cobsun əməkhaqqısı 1 dollar təşkil edib) alan baş direktor kimi "Ginnesin Rekordlar Kitabı"na düşüb.
 











2001-ci ildə Stiv Cobs "iPod" pleyerinin birinci versiyasını nümayiş etdirib. Bir neçə il sonra "iPod"un satış həcmi şirkətin əsas gəlir mənbəyinə çevrilib. Onun rəhbərliyi altında "Apple" 2006-cı ilədək FK bazarında öz mövqeyini xeyli gücləndirib. Şirkət "Intel" korporasiyasının məhsuldar prosessorlarından istifadəyə başlayıb.
 
2004-cü ilin ortalarında Cobs mədəaltı vəz xərçəngindən əziyyət çəkdiyini bəyan edib. O, 2004-cü ilin iyulunda buna görə əməliyyat olunub. Bu aralar şirkətdə idarəetməni Tim Kuk həyata keçirib. Cobsun səhhəti ilə bağlı söhbətlər səngimək bilmirdi. İnternetdə onun sağlamlığı haqda tamamilə zidd şərhlər dərc edilsə də, 2009-cu il yanvarın 14-də "Apple" əməkdaşlarına müraciətində müalicə üçün məzuniyyət götürmək məcburiyyətində qaldığını deyib.
 
2009-cu il iyunun 29-da Cobs yenidən işinin başına keçib.
 

2010-cu ilin yanvarında "Apple" "iPad" planşet qurğusunu ictimaiyyətə nümayiş etdirib.
 









2011-ci ilin yanvarında Stiv müalicə üçün yenidən məzuniyyət götürüb, amma 2011-ci ilin martında "iPad" planşetinin yeni versiyasını ictimaiyyətə şəxsən özü nümayiş etdirib.
 















2011-ci il avqustun 24-də Cobs "Apple Inc." şirkətinin baş direktoru vəzifəsini tərk edib. Onu bu postda da  Tim Kuk əvəz edib. Cobs isə şirkətin direktorlar şurasının sədri seçilib.
 
O, 2011-ci il oktyabrın 5-də həyatdakı bütün vəzifələrin birdəfəlik tərk edib. 2012-ci il oktyabrın 7-də texnologiya sənayesinin ən dahi şəxsiyyəti dəfn edilib.
 
Hüseynov Emil




05/10/15    Çap et