Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni texnologiya saniyədə 1 terabit buraxılış qabiliyyətinə malik olacaq


1980-ci illərdə “DSL” texnologiyasının hazırlanmasında iştirak edən novator Con Sioffi Parisdə “G.fast Summit” sammitində mis kabellər vasitəsilə saniyədə 1 terabit buraxılış qabiliyyətinə nail olmaq məqsədi daşıyan tədqiqat layihəsini təqdim edib. “Terabit DSL” (TDSL) adlanan texnologiya məlumatları 50-600 giqahers tezliklərində ötürür.

“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, məlumatların ötürülməsində təkcə kabel rol oynamır. “MIMO” texnologiyasında olduğu kimi, marşrutlayıcılar müvafiq antena vasitəsilə mis kabeldən antena qismində istifadə edərək “TDSL” texnologiyası ilə sinxronlaşan radio bağlantılarını ötürür. Beləliklə, ayrı-ayrı burulmuş cütlər və ya kabellər arasındakı məsafələr tezlik daşıyıcıları kimi xidmət edir, məlumatlar optik-lif kabelin səthi ilə ötürülür.
 
Bildirilir ki, yeni “TDSL” texnologiyasının öyrənilməsi üçün C.Sioffi “Apple” və “Huawei” şirkətlərinin ekspertləri ilə məsləhətləşib. Sonrakı eksperimentlər ilk dəfə texnologiyanın modelləşdirməsini etməyə imkan verib. Bununla belə, texnologiya bir sıra məhdudiyyətlərə malikdir. Beləliklə, vəd edilən saniyədə 1 terabit buraxılış qabiliyyətinə yalnız verici və qəbuledici arasında məsafə 100 metri ötməyəndə nail olmağa imkan verir. Böyük məsafələrdə isə məlumatların buraxılış qabiliyyətində kəskin azalma qeydə alınır. Buna baxmayaraq 300 metr məsafədə nail olunan saniyədə 100 giqabit yaxşı göstərici olaraq qalır. Hətta 500 metr məsafədə saniyədə 10 giqabit əldə etmək mümkündür. Hazırda geniş istifadə edilən “VDSL2” vektorlaşdırma texnologiyası məlumatları daxil olan axında saniyədə 100 meqabit, xaric olunan axında saniyədə 40 meqabit sürətində ötürə bilir.

İnqilabi kəşf hesab edilən “Terabit DSL” texnologiyasının nə vaxt həyata keçiriləcəyi barədə məlumat verilmir.

Nizam Nuriyev 





11/05/17    Çap et