“Windows 10” sisteminin nə qədər qurğuda quraşdırılması məlum olub
2015-ci ilin iyulunda işıq üzü görən “Windows 10” əməliyyat sistemi 500 milyon qurğuda quraşdırılıb. Bu barədə sistem tərtibatçısı “Microsoft” korporasiyası Sietldə keçirilən “BUILD” konfransında bəyan edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Rambler” resursuna istinadən yazır ki, rəqəmə kompüter, planşet və smartfonlar, “Xbox One” oyun konsolu, “HoloLens” eynəyi və 84 düymlük “Surface Hub” kimi qurğular daxildir.
Məlumata görə, iki il əvvəl ABŞ korporasiyası 2018-ci ilədək “Windows 10” sisteminin auditoriyasının sayını 1 milyarda çatdırmaq niyyətində olmasını açıqlayıb. Lakin 2016-cı ilin iyulunda “Microsoft” korporasiyasının marketinq üzrə vitse-prezidenti Yusif Mehdi planın yerinə yetirilməsinin qeyri-mümkün olmasını etiraf edərək “Windows 10” sistemli smartfonların yaxşı satılmamasını bildirib. Onun sözlərinə görə, bu səbəbdən 2018-ci ilin ortalarınadək 1 milyard istifadəçi sayı barədə söhbət etmək yersizdir. Bu dəfə isə korporasiya nümayəndələri məsələyə münasibət bildirməkdən imtina ediblər.
“Microsoft” iyunun sonunadək sistemin aktiv istifadəçilərinin sayını 550 milyona, sentyabrın sonunadək 575 milyona çatdırmaq niyyətindədir. Məqsədə nail olmaq üçün korporasiya tərtibatçıları universal “Windows” əlavələr buraxmağa, eləcə də indiyədək buraxılmış masaüstü kompüter proqramlarını dəyişdirərək onları “Windows Store” mağazasından yükləmək üçün imkan yaratmağa səsləyir.
Nizam Nuriyev