Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTİ Baş Katibi Houlin Jao: “Böyük həcmli verilənlərdən istifadəni öyrəndikcə, inkişaf üçün yeni imkanlar da müəyyən olunacaq”


Beynəlxalq Telekommunikasiya İttifaqının Baş Katibi Houlin Jao Ümumdünya  Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə müraciətlə çıxış edib.

“Dünyada  hər il may ayının 17-də Beynəlxalq Telekommunikasiya İttifaqına (BTI) üzv dövlətlər  150-dən çox yaşı olan  İttifaqımızın təsis olunması gününü – Ümumdünya  Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd edir.

2017-ci il üzrə  Ümumdünya  Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün mövzusu  seçilən “Böyük Təsir üçün Böyük Həcmli Verilənlər” verilənlərin gücünü  tədqiq  etməyə və inkişafa təkan verəcək böyük  həcmli məlumatları informasiyaya çevirmək imkanlarını nəzərdən keçirməyə yönəlib”, - deyə H.Jao qeyd edib.

Məlumatların təhlilindən  yaranan  nəticə  milli, regional və beynəlxalq səviyyələrdə praktiki qərarlar qəbul etməyə və Birləşmiş Millətlər Təşkilatının 2030-cu il üçün nəzərdə tutulan  17 Davamlı İnkişaf Məqsədlərinə nail olmağa kömək edəcək.

BTİ Baş Katibinin sözlərinə görə, verilənlərin  və qoşulmaların gələcək sürətli artımını nəzərə alaraq şəxsi  məlumatların təhlükəsizliyi, idarəetmə və tənzimlənmənin əhəmiyyətini öyrənmək baxımından da bu nəticələr yaxşı  bir imkan olacaq: “Böyük həcmdə verilənlərin qlobal əhəmiyyətini, onlardan istifadəni və təkmilləşdirməyi öyrəndikcə, inkişaf üçün yeni imkanlar da müəyyən olunacaq. BTİ üzvləri  tərəfindən həyata keçirilən fəaliyyət qlobal miqyasda irihəcmli verilənləri əhatə etmək və inkişafa mane olan problemləri həll etmək üçün yeni imkanlardan yararlanmaq istiqamətində  öz  əhəmiyyətli töhfəsini verəcək”.  





17/05/17    Çap et