Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni həll idmançıların ürəkdöyünməsini göstərəcək


Oyunlar tarixində ən innovativ olacağı gözlənilən “Tokio-2020” Olimpiadası ərəfəsində Yaponiyanın texnoloji nəhəngi “Panasonic” stadion və idman tədbirləri üçün orijinal həllərin sınaqlarına başlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Planet Today” resursuna istinadən yazır ki, məlumata görə, aprelin sonunda Yaponiyada qolf üzrə beynəlxalq “Panasonic Open 2017” turniri çərçivəsində ilk dəfə oyunçuların daxili vəziyyətini, o cümlədən onların ürək döyüntüsünü kontaktsız izləyə bilən sistem nümayiş olunub.

Olimpiya oyunlarında 25 ildən çox müddət ərzində eksklüziv audio və videotexnikası tədarükçüsü qismində çıxış edən “Panasonic” yeni həllin “Tokio-2020” təşkilatçılarının marağını cəlb edəcəyinə, qolf (2016-cı ildə Olimpiya proqramına daxil edilib) üzrə turnirdə texnologiyanın səhra sınaqlarının nəticələrinin əlavə üstünlük qazandıracağına ümid edir.

Bildirilir ki, turnirdə, həmçinin Fransanın “Vogo” startapı tərəfindən hazırlanan yeni “Vogo Sport” videokontent distribusiya sistemi test edilib. Tamaşaçılara yarışların canlı videosuna smartfonlarda və digər mobil qurğularda baxmağa imkan verən həll üçün eksklüziv hüquqlar “Panasonic” şirkətinə məxsusdur. Yaponiya istehsalçısı “Vogo Sport” həllini stadion operatorlarına və idman tədbirləri təşkilatçılarına təklif etməyi planlaşdırır.

Qolf turnirdə “Vogo Sport” həllindən uzaq oyuq təsvirlərinin göstərilməsi üçün istifadə olunub. Təşkilatçıların qiymətləndirməsinə görə, ilk dəfə yeni sistemdən azarkeşlərin 10 faizi istifadə edib.

Hazırda həllin digər idman növlərində (məsələn, reqbi) də sınaqları keçirilir.

Nizam Nuriyev 





19/05/17    Çap et