Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” istifadəçilərinin sayı nə qədərdir?


“Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğu istifadəçilərinin sayı 2 milyardı ötüb. Bu barədə “Google” şirkətinin icraçı direktoru Sandar Piçay “Google I/O” proqram tərtibatçıları konfransı zamanı bildirib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, söhbət “Android” sistemli qurğudan ayda azı bir dəfə istifadə edən insanlardan gedir. 2015-ci ilin sentyabrı ilə müqayisədə mobil platformanın auditoriyası 400 milyon nəfər artıb. Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin yanvarında “Apple” şirkəti “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qurğuların sayının (istifadəçi sayı deyil) 1 milyarda çatmasını açıqlayıb.  

Məlumata görə, yeddi “Google” servisinin (Google Maps, YouTube, Chrome, Google Maps, Gmail, Search və Google Play) hər biri ayda 1 milyarddan çox istifadəçiyə xidmət göstərir. 2016-cı ildə “Android” üçün yüklənən əlavələrin sayı 2 milyard təşkil edib, hər gün “YouTube” servisində 1 milyard saat videoya baxılır, “Google Maps” kartoqrafik xidmətinin istifadəçiləri 1 milyard km. məsafə üçün marşrut müəyyənləşdirirlər.

Bundan başqa, “Google Drive” və “Google Photo” servislərinin aylıq istifadəçilərinin sayının müvafiq olaraq 800 və 500 milyona bərabər olması qeyd edilir.  

Nizam Nuriyev 





19/05/17    Çap et