“Samsung Galaxy Note 8” smartfonunun ilk fotoşəkilləri təqdim olunub
“Samsung” şirkəti qabaqcıl “Galaxy Note 8” smartfonunun satışa çıxarılması ilə bağlı məlumatı rəsmən təsdiq edib. Yeni qurğunun sentyabrın 1-6-da Berlində keçiriləcək “IFA” sərgisi çərçivəsində nümayişi nəzərdə tutulur.
“ICTnews” Elektron Xəbər Xidməti “
DNI24” resursuna istinadən yazır ki, 2017-ci ilin sentyabrınadək yeni prosessorların buraxılmayacağı hamıya məlumdur. Cənubi Koreya istehsalçısı gücünə görə “Apple A10” çipli “iPhone 7” modelini geridə qoymaq üçün yeni qurğuda “Exynos 8895” və “Snapdragon 835” prosessorlarının sürətləndirilmiş versiyalarını tətbiq etmək niyyətindədir. Bundan başqa, internetdə qabaqcıl modelin naməlum materialdan hazırlanan korpusda fotoşəkilləri yayılıb. Mütəxəssislərin fikrincə, fotoda maket təsvir edilsə də, o, “Samsung”un nümayiş etdirəcəyi həqiqi smartfonun görünüşünə uyğundur.
Həmçinin, “Note 8”-in müqayisə üçün “Galaxy S7” ilə yan-yana qoyulan şəkili var. Buna əsasən dəqiqliklə demək mümkündür ki, elektron qələmlə təchiz edilən qurğunun ekranının tərəflərinin nisbəti 2:1 təşkil edir, eləcə də qoşa ön və əsas kamera quraşdırılıb. Yeni qurğu baza modifikasiyasında 6 qiqabaytlıq operativ yaddaş və “4K” formatlı 6,3 düymlü ekranla təchiz olunacaq. Bundan əlavə, fotoşəkildə əsas kameranın altında işıq diodlu işıqlandırıcı görmək mümkündür. Barmaq izi skanerinin olmaması isə “Samsung”un onu sensorlu ekranda quraşdırdığını deməyə əsas verir.
Nizam Nuriyev