Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Micro-LED” displeylərinin sınaq istehsalına başlanılacaq


“Apple” şirkəti üzvi işıq diodlu ekranları (OLED) üstələyən növbəti nəsil “micro-LED” displey panellərinin test istehsalına başlamaq niyyətindədir. Şirkətin cari ilin ikinci rübündə məhdud sayda innovativ panellərin buraxılışına başlayacağı bildirilir.
  
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, “Apple” 2014-cü ildə “micro-LED” texnologiya istehsalçısını - “LuxVue” şirkətini satın alıb. Tayvanın şimal hissəsində yerləşən “LuxVue” müəssisəsində ilin sonunadək belə displeylərin sınaq buraxılışına başlamaq nəzərdə tutulur. Növbəti yarımildə “micro-LED” panellərinin buraxılışına başlaya biləcək ikinci istehsalçı kimi Tayvanın “PlayNitride” şirkəti qeyd olunur.
 
Bundan əvvəl “Apple” şirkətinin qabaqcıl ekranlarla əvvəlcə “Apple Watch” “ağıllı” saatlarını təchiz etməyə hazırlaşması barədə məlumatlar yayılıb. Gələcəkdə şirkət “iPhone” smartfonlarını və “iPad” planşetlərini yeni displeylərlə təchiz etməyi planlaşdırır.
    
Qeyd edək ki, “micro-LED” displeyləri maye-kristal (LCD) və “OLED” ekranlardan daha nazik, parlaq və enerji səmərəlidir. Bununla yanaşı, bu texnologiya üzrə ekranların istehsalı bahalı və çətindir. Hazırda texniki çətinliklər “micro-LED” panellərinin kütləvi istehsalına mane olsa da, onların aradan qaldırılacağı təqdirdə displeylərin maya dəyəri hazırkı işıq diodlu ekranlardan ucuz olacaq.
 
Nizam Nuriyev 





25/05/17    Çap et