Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Süni intellekt şagirdlərin diqqətini izləyəcək (VİDEO)
Paris Biznes Məktəbində distansiyalı məşğələlər zamanı şagirdlərin diqqətini izləmək üçün süni intellektdən istifadə planlaşdırılır. Sentyabrdan etibarən "Nestor" adlanan proqram müşahidə kameraları vasitəsilə şagirdlərin üzlərinin analizinə başlayacaq.
"ICTnews" Elektron Xəbər Xidməti "theRunet" resursuna istinadən yazır ki, "Nestor" dərslər zamanı məktəblilərin gözlərinin hərəkətini və emosiyalarını izləyəcək. Mühazirələr başa çatdıqdan sonra onlara diqqətlərinin yayındığı hallarla bağlı bir neçə sual veriləcək. Həmçinin, müəllimlər şagirdlərin dərsə maraq göstərməsini və ya göstərməməsini təhlil edərək mühazirələri yaxşılaşdıra biləcəklər.
Məlumata görə, "LCA Learning" şirkəti "Nestor" proqramını ötən həftə Nyu-Yorkda keçirilən konfransda təqdim edib. Texnologiya distansiyalı dərslər prosesində sınaqdan keçirildikdən sonra ondan adi mühazirələrdə istifadə nəzərdə tutulur.
Şirkət yaradıcısı Marsel Souset bildirib ki, "Nestor"un kənar şirkətlərə məlumat göndərməyəcəyinə görə bütün informasiya məxfi qalacaq. Bundan başqa, məlumatlar şifrlənəcək və anonimləşdiriləcək.