Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Süni intellektin idarə edilməsi üçün prosessor hazırlanır


“Apple” şirkəti “iPhone 5S” smartfon modelindən başlayaraq konkret vəzifələrin yerinə yetirilməsi üçün mobil qurğuları ayrıca prosessorlarla təchiz edir. Məsələn, “iPhone 5S”-də bu, akselerometr, giroskop və kompas aralığında smartfonun hərəkəti haqqında məlumatların toplanılmasına xidmət edən “M7” prosessorudur. O, mərkəzi prosessorun yükünü azaldaraq qurğunun avtonomluğunu artırmağa imkan verir. Həmçinin, simsiz “AirPods” qulaqcığında səsin intellektual səsləndirilməsi və stabil simsiz bağlantının dəstəklənməsi üçün “W1” prosessorundan istifadə olunur. Bu dəfə isə məlum olub ki, “Apple” süni intellektin idarə edilməsi üçün analoji çip hazırlayır.    
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Bloomberg”in hesabatına görə, ABŞ istehsalçısı “Siri” səslə idarəetmə funksiyası əsasında süni intellekti emal edəcək xüsusi “Neural Engine” adlı çip hazırlayır. O, sifət və səsi tanımaqla mərkəzi prosessorun yükünü qismən üzərinə götürəcək. Bunun “Apple” mobil qurğularının avtonom işinə və informasiyanın emalı sürətinə müsbət təsir göstərəcəyi bildirilir.
 
Qeyd olunur ki, şirkət artıq yeni “iPhone” prototiplərində “Neural Engine” çipinin sınaqlarına başlayıb. Həmin prosessorla işləyəcək ilk qurğunun “WWDC 2017” konfransında təqdim ediləcək “ağıllı” kolonkasının olacağı gözlənilir.
 
Nizam Nuriyev 





31/05/17    Çap et