“Dell” şirkəti virtual reallıq qurğularını dəstəkləyən monoblok kompüter təqdim edib
“Dell” şirkəti 30 may – 3 iyun tarixlərində Taybeydə keçirilən “Computex 2017” sərgisində virtual reallığa uyğunlaşdırılmış yeni “Dell XPS 27” monoblok kompüterini nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, yeni monoblok kompüter 3840x2160 piksel təsvir ölçülü 27 düymlük “IPS” ekran, 4,2 QHs-dək takt tezliyində işləyən dördnüvəli “Intel Core i7-7700” (yeddinci nəsil) prosessoru və 64 QB-dək əməli yaddaşla təchiz edilib. Monoblok virtual reallıq şlemləri ilə iş rejimini dəstəkləyir.
2048 axın prosessoru və 8 QB-lıq “GDDR5” yaddaşına malik “AMD Radeon RX 570” diskret sürətləndiricisi qrafikanı təmin edir. Həmçinin 2 TB-dək sərt disk və 512 QB-lıq SSD disk dəstəklənir. Daxili audiosistem 10 dinamikdən ibarətdir.
Monoblok kompüterin ölçüləri 625x435x80 mm təşkil edir. “Wi-Fi 802.11as”, “Bluetooth” simsiz rabitə modulları, “Gigabit Ethernet” şəbəkə interfeysi, veb-kamera, “USB 3.0 Type-A”, “Thunderbolt 3/USB Type-C”, “HDMI”, “DisplayPort 1.2” konnektorları və SD/MMC yaddaş kartları üçün slot mövcuddur.
“Dell XPS 27” monoblok kompüterinin qiyməti 2000 dollardır.
Emil Hüseynov