Təqdim ediləcək yeni “Apple” qurğuları məlum olub
İyunun 5-də proqram tərtibatçıları üçün ənənəvi illik “WWDC 2017” konfransı başlayacaq. Ənənəyə görə, “Apple” şirkətinin “iOS”, “macOS”, “watchOS” və “tvOS” daxil olmaqla bütün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcəyi gözlənilir. Həmçinin, bu il konfransda yeni qurğuların nümayişi nəzərdə tutulur. Etibarlı mənbələrin məlumatına görə, ABŞ istehsalçısı “Siri” səsli köməkçi funksiyası üçün yenilənmə və “Amazon Echo” və “Google Home” kimi qurğulara bənzər “ağıllı” evin mərkəzi olacaq “ağıllı” kolonka hazırlayır. Digər “Apple” qurğuları haqqında informasiya isə şirkətin saytının rus versiyasında yerləşdirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
4PDA” resursuna istinadən yazır ki, məlumata görə, “Apple” saytında A1289, A1347, A1418, A1419 və A1481 nömrəli “macOS Sierra” sisteminin idarəetməsi ilə işləyən beş yeni kompüter modeli barədə məlumat yer alıb. Bunun yenilənmiş “MacBook Pro” (13 və 15 düymlü versiyalar), 12 düymlü “MacBook” və “MacBook Air” qurğularının olması ehtimal edilir.
Bundan başqa, saytda A1843 model nömrəsi ilə yeni simsiz klaviatura haqqında informasiya qeyd edilib. Onun ötən il buraxılan “MacBook Pro” noutbuklarında olduğu kimi, “Touch Bar” sensorlu ekranla təchiz ediləcəyi gözlənilir. Saytda, həmçinin A1671, A1709, A1670 və A1701 model nömrəli dörd planşet kompüter barədə məlumatlar göstərilib. Bu isə 10,5 düymlü yeni “iPad Pro” planşetinin təqdimatı və istehsal xəttinin yenilənməsi ilə bağlı şayiələri təsdiq edir.
Təqdimatların iyunun 5-i axşam saatlarında keçirilməsi planlaşdırılır.
Nizam Nuriyev