“Android” sistemində boşluqların aşkarlanması üçün pul mükafatının məbləği artırılıb
İnformasiya təhlükəsizliyi sahəsində müstəqil ekspertlərin "Android" mobil əməliyyat sistemində boşluqların aşkarlanmasını nəzərdə tutan "Android Security Rewards" proqramı çərçivəsində bundan sonra daha yüksək məbləğdə pul mükafatı təklif ediləcək. Belə ki, "Google" şirkəti hər aşkar edilən boşluğa görə 200 min dollar ödəməyə hazır olmasını açıqlayıb.
"ICTnews" Elektron Xəbər Xidməti "
Planet Today" resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, əvvəllər 50 min dollar təşkil edən maksimal mükafatı indiyədək heç bir İT mütəxəssisi ala bilməyib və bu səbəbdən məbləğin artırılması qərara alınıb.
Məlumata görə, ekspertlər tərəfindən 50 min dollar əldə etmək üçün səhvin aşkarlanmamasına baxmayaraq "Android Security Rewards" proqramı "Google" şirkətinə çoxlu kiçik və orta səviyyəli boşluqları aradan qaldırmağa kömək edib.
Qeyd olunur ki, proqramın istifadəyə verildiyi 2 il ərzində mükafat kimi milyon yarım dollar xərclənib.
Məsələn, ötən il "Google" mükafatını 115 nəfər alıb. Mükafatın orta məbləği təxminən 2 min dollara bərabər olub. Proqram "Android" sistemində boşluqların aşkarlanması üçün təsirli vasitə hesab olunur.
Nizam Nuriyev