Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
5 milyon amerikalı pasiyentin şəxsi məlumatları oğurlanıb
Amerika hərbi qulluqçularını, hərbi təqaüdçülərini və onların ailə üzvlərini müalicə edən ABŞ Müdafiə Nazirliyinin “Tricare” səhiyyə sistemi böyük məlumat itkisi haqqında məlumat yayıb.
Arxivlərin ehtiyat surətlərinin yerləşdiyi kompyuter maqnit lentlərinin oğurluğu nəticəsində 4.9 milyondan çox insanın şəxsi məlumatı ələ keçirilib.
Arxivdə 1992-ci ildən 2011-ci il sentyabr ayının 7-dək “Tricare” proqramları üzrə müalicə keçən pasiyentlərin məlumatları saxlanılırdı. Arxivdə sosial sığorta nömrələri, pasiyentlərin ünvanları və telefon nömrələri, həmçinin onların sağlamlığı haqqında informasiya (həkimlərin qeydləri, testlərin nəticələri, həkimlərin təlimatları və s) kimi məlumatlar saxlanılırdı.
“Tricare” nümayəndələrinin sözlərinə əsasən, arxivdə kredit kartlarının və ya bank hesablarının nömrələri kimi maliyyə məlumatları olmayıb.
Səhiyyə sisteminin nümayəndələri həmçinin qeyd edirlər ki, bu məlumatların kibercinayətkarlar tərəfindən istifadə edilmə riski azdır, belə ki, maqnit lentlərində məlumatı əldə etmək xüsusi bilik, həmçinin müvafiq proqram və aparat təminatı tələb edir.
Hadisə araşdırılır. Təşkilat həmçinin bildirib ki, gələcəkdə belə hadisələrin təkrarlanmaması üçün öz müştərilərinin şəxsi məlumatlarının təhlükəsizliyinin gücləndirilməsi üzrə tədbirlər görülüb.
07/10/11 Çap et