Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Smartfon kompası haker hücumlarından qorunmağa kömək edəcək


Qurğuların səsli komandalardan istifadə etməklə idarə edilməsinin rahat funksiya olmasına baxmayaraq bu, hakerlərə müdaxiləyə imkan verir. İstifadəçilərin səs yazılarından yararlanan hakerlər telefona və ya səsin tanınması proqram təminatına malik istənilən qurğuya çıxış əldə edə bilirlər. Lakin ABŞ-ın Buffalo Universitetinin tədqiqatçıları tərəfindən smartfonlarda quraşdırılan kompasdan belə hücumların qarşısını almaq üçün istifadə üsulu müəyyənləşdirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, proqramın işi maqnitometrə - qurğunun Yerin maqnit sahəsini aşkarlayan və hərəkət istiqamətini (şimal, cənub, şərq və ya qərb) müəyyənləşdirən kiçik hissəsinə əsaslanır. İstifadəçi səsini imitasiya etməyə və ya sintezləşdirməyə çalışan hakerlərə mane olmaq məqsədi daşıyan alqoritmlərin mövcud olması səbəbindən universitet tədqiqatçıları diqqəti daha çox yayılmış müdaxilə üsuluna - digər qurğudan istifadəçi səs yazısının səsləndirilməsinə yönəldiblər.

Hakerin yazılmış səsi səsləndirəcəyi dinamik də maqnit sahəsi mənbəyidir. Buna görə də proqram sahənin təyini üçün telefon maqnitometrindən istifadə edir. Səsi yazan qurğu telefona yaxın olmalıdır. Həmçinin, səsin tanınması sistemi komandanın verilməsi zamanı telefonun müəyyən dərəcədə tərpədilməsini tələb edir. Belə olan halda maqnitometr maqnit sahəsində dinamikdən daxil olan ən kiçik hərəkətləri müəyyənləşdirə bilir.

Hazırda tədqiqatçılar qrupu proqramı istifadəyə vermək üçün sistemin təkmilləşdirilməsi ilə məşğuldur.

Nizam Nuriyev 





08/06/17    Çap et