Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Kvant kompüterləri üçün lazım olan ultranazik maqnit yaradılıb


Massaçusets Texnologiya İnstitutu və Vaşinqton Universitetinin alimləri dünyada ilk dəfə ikiölçülü maqnit yaratmağa müvəffəq olublar.

Alimlərin sözlərinə görə, xrom triodid adlı birləşmə hətta bir atom qalınlığında olarkən maqnit xüsusiyyətlərini saxlamaq qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “bbc.com” saytına istinadən yazır ki, alimlər tərəfindən 2004-cü ildə qrafenin kəşfindən sonra ikiölçülü vəziyyətdə olan başqa materiallar (məsələn, stanen və borofen) da aşkar edilib, lakin onlar bir atom qalınlığında ikən öz maqnit xüsusiyyətlərini itiriblər.

Bundan başqa alimlər müəyyən ediblər ki, iki atom qatı qalınlığında olan xrom triodid maqnit xüsusiyyətlərini itirir, üçqat qalınlığında isə maqnit xüsusiyyətləri geri qayıdır. Alimlər bu hadisəni öyrənməyi planlaşdırırlar.
Son tapıntı alimlərə maqnetizm sahəsində yeni sınaqlar keçirməyə, ən nazik elektron qurğular, hətta kvant kompüterləri yaratmağa imkan verəcək.

Emil Hüseynov





09/06/17    Çap et