Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Növbəti qrant müsabiqəsi çərçivəsində İKT layihələrinin qəbulu başa çatıb


Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun elan etdiyi növbəti qrant müsabiqəsinə layihələrin qəbulu başa çatıb. Müsabiqə çərçivəsində Fondun rəsmi internet səhifəsində (www.ictfund.gov.az) qeydiyyatdan keçməklə elektron qaydada 172 layihə təqdim edilib.
 
Müsabiqəyə layihələrin qəbulu aşağıdakı prioritet istiqamətlər üzrə aparılıb:
 
Mütərəqqi proqram təminatının hazırlanması;
 
İnnovativ İKT məhsulları nümunələrinin hazırlanması;
 
İnnovativ infrastrukturun inkişafı, o cümlədən yeni texnologiyaların inkişafı və onların kommersiyalaşdırılması;
 
Müasir texnologiyalar əsasında informasiya şəbəkələrinin yaradılması;
 
İKT xidmətlərinin genişləndirilməsi, o cümlədən internet xidmətlərinin inkişafı.
 
Müsabiqəyə təqdim olunmuş 172 layihənin prioritet istiqamətlər üzrə bölgüsü müvafiq olaraq 20, 71, 23, 22 və 36 olub.
 
Qrant müsabiqələri çərçivəsində layihələr 3 mərhələdə qiymətləndirilir. Birinci mərhələdə 15 iş günü müddətində müsabiqəyə təqdim olunan layihələrin ilkin ekspertizası aparılır. İkinci mərhələdə isə ilkin ekspertiza mərhələsindən keçmiş layihələr 20 iş günü müddətində müstəqil ekspertlər tərəfindən kompleks ekspertizadan keçirilir. Kompleks ekspertizanın nəticəsində müsbət rəy almış layihələr yekun qərarın qəbul edilməsi üçün Fondun Müşahidə Şurasına təqdim edilir.

Qeyd edək ki, qrant müsabiqəsi çərçivəsində layihələrin qəbulu 10 aprel 2017-ci il tarixindən 9 iyun 2017-ci il tarixinədək davam edib.
 
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun əsas məqsədi İKT sahəsində dövlət siyasətinin həyata keçirilməsinə yardım etmək, innovativ sahibkarlıq fəaliyyətini dəstəkləmək, intellektual biznes, innovasiya və elmi tədqiqat layihələrini stimullaşdırmaq, müasir infrastrukturun inkişafına təkan vermək, kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərmək, bu sahəyə yerli və xarici investisiyaları cəlb etməkdən ibarətdir.





12/06/17    Çap et