“Cisco”: “2021-ci ilədək internet trafikinin həcmi 3 zettabaytı üstələyəcək”
“Cisco” şirkəti internet infrastrukturunun və internetə qoşulan qurğular bazarının inkişaf proqnozuna həsr edilən “Visual Networking Index (VNI) Complete Forecast” hesabatını dərc edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
3DNews” resursuna istinadən yazır ki, hesabata görə, 2021-ci ilədək internet istifadəçilərinin sayının 4,6 milyarda çatacağı gözlənilir. 2016-cı ildə bu göstərici 3,3 milyarda bərabər olub. Beləliklə, internetə çıxışa malik Yer kürəsi əhalisinin payı 44 faizdən 58 faizədək artacaq.
Ekspertlərin fikrincə, 5 il ərzində genişzolaqlı kanal vasitəsilə internetə çıxış üzrə orta sürət 27,5 Mbit/saniyədən 53,0 Mbit/saniyəyədək (təxminən 2 dəfə) yüksələcək.
Hesabat dövründə internet trafikinin illik həcminin 3,3 zettabayta (1 zettabayt 1021 bayta bərabərdir) çatacağı proqnozlaşdırılır. Müqayisə üçün qeyd edək ki, 2016-cı ildə bu göstərici 1,2 zettabayt təşkil edib. Bundan başqa, bütün trafikin təxminən 80 faizi (ötən il 67 faiz) bu və ya digər şəkildə videomaterialların payına düşəcək.
Həmçinin qeyd olunur ki, 2021-ci ildə “Əşyalar interneti” texnologiyalarının işini dəstəkləyən kompüterlərarası bağlantıların (M2M) 27,1 milyard şəbəkə qurğu və qoşulmalarda payı yarıdan çox olacaq.
Bildirilir ki, 5 il sonra internet trafikinin 53 faizini “Wi-Fi” bağlantıları, daha 20 faizini mobil şəbəkələr vasitəsilə qoşulmalar generasiya edəcək. Stasionar rabitənin məlumatlar axınında payı 27 faiz təşkil edəcək. Müqayisə üçün: ötən il bu göstəricilər müvafiq olaraq 52, 10 və 38 faizə bərabər olub.
Nizam Nuriyev