Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

9 oktyabr Ümumdünya Poçt Günüdür


“Azərpoçt” MMC 9 oktyabr - Ümumdünya Poçt İttifaqının yaranmasının 137-ci ildönümü münasibəti ilə geniş tədbirlər həyata keçirir.

Əlamətdar gün münasibətilə Siyəzən PF-nin Gənclik , Göyçay RPF-nin Çaxırlı, Sabirabad PF-nin Şəhriyar poçt şöbələrinin binaları istifadəyə verilir.

Bundan başqa müəssisənin yerli filiallarında toplantı, inzibati binalarda, poçt şöbələrində və ətraf ərazilərdə səliqə-sahman, abadlıq yaradılması məqsədi ilə iməclik keçirilir.

Xatırladaq ki, beynəlxalq poçt mübadiləsinin mütəşəkkil qaydada həyata keçirilməsi hazırda planetimizin bütün poçt işçiləri tərəfindən peşə bayramı günü kimi qeyd edilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaranması ilə başlayıb. ÜPİ-nin yaradılması barədə müqavilə 1874-cü ildə İsveçrənin Bern şəhərində keçirilmiş Beynəlxalq Poçt konqresində imzalanıb.

İyirmidən çox ölkə nümayəndələrinin iştirakı ilə keçmiş konqresdə ÜPİ-nin ümumi prinsiplərini, üzvlərinin hüquq və öhdəliklərini müəyyənləşdirən əsas sənəd – Ümumdünya Poçt Konvensiyası qəbul edilib. Hazırda bu qurumda 200-ə yaxın ölkə təmsil olunur. Azərbaycan poçtu 1993-cü ildən ÜPİ-nin üzvüdür.




08/10/11    Çap et