Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Tomson Röyters" agentliyi Azərbaycanın elmi jurnalının təsir əmsalını yüksəltdi


ABŞ-ın "Clarivate Analytics"  şirkəti ("Tomson Röyters" agentliyi) tərəfindən bu günlərdə açıqlanan 2016-cı il üçün hesabata əsasən Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar Nazirliyinin dəstəyi ilə nəşr olunan və Azərbaycanı təmsil edən "Applied and Computational Mathematics" ("Tətbiqi və Hesablama Riyaziyyatı") jurnalının təsir əmsalı ("impact factor") 0.717-dən 1.333-ə yüksəlib.
 
Bu agentliyin tanıdığı jurnallara dünyanın bütün universitetləri, elmi tədqiqat mərkəzləri istinad edirlər. Bu istinadların sayı da jurnalın qeyd olunan reytinqini müəyyən edir.
 
Qeyd edək ki, "Applied and Computational Mathematics" jurnalı "impact factor" göstəricisinə görə regionda liderliyi qoruyur.
 
Nəqliyyat, Rabitə və Yüksək Texnоlogiyalar  Nazirliyi, Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının  təsis etdiyi bu jurnal hələ ki,  təsir əmsalına malik ilk və yeganə Azərbaycan jurnalıdır.
 
2002-ci ildən ingilis dilində nəşr olunan jurnalda tətbiqi riyaziyyatın müxtəlif sahələrinə aid yüksək səviyyəli, əsaslı rəydən keçən elmi məqalələr dərc edilir.
 
Nəşr olunduğu 16 il müddətində "Applied and Computational Mathematics" jurnalı 45 ölkədən 200-dən çox beynəlxalq elm və təhsil müəssisələri ilə elmi mübadilə həyata keçirib.
 
Elmi İnformasiya İnstitutu kimi fəaliyyətə başlayan "Tomson Röyters" 1964-cü ildə beşcildlik ilk Elmi İstinadlar İndeksini çap etdirməklə 50 ildən artıq bir müddətdə elmi cəmiyyətə öz töhfəsini verib. Hökumət agentlikləri, nazirliklər, siyasi qurumlar və bütövlükdə dünya elm aləmindəki yenilikləri öyrənmək üçün məhz "Thomson Reuters"in məlumat bazasına etibar edir.  Qeyd edək ki, məşhur "Reuters"  İnformasiya Agentliyi təşkilatın strukturuna daxildir.





14/06/17    Çap et