Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei” şirkəti “OLED” displeyə malik fitnes treker təqdim edib


"Huawei" şirkəti "Honor Band A2" fitnes trekerini təqdim edib. Sözügedən cihazın əsas özəlliyi orqanik işıq diodları (OLED) texnologiyası ilə hazırlanmış ekran və ürək ritmini ölçən datçikdir.

"ICTnews" Elektron Xəbər Xidməti "dailycomm.ru" saytına istinadən yazır ki, daşınan qurğu addımların sayını, qət edilmiş məsafəni və sərf edilmiş kalorini hesablamaq, həmçinin yuxunun müddətini və keyfiyyətini təhlil etmək qabiliyyətinə malikdir. Həmçinin istifadəçi uzun müddət aktiv olmadıqda cihaz ona xatırlatma edir.

Bundan başqa, cihazda ürək yığılmaları tezliyinin işindəki dəyişiklikləri daima izləyən sensor mövcuddur. İnformasiya 0,96 düymlük sensor "OLED" ekranda və ya smartfonun ekranında göstərilir.

İstehsalçıların iddiasına görə, 95 milliamper/saat tutumunda akkumulyator batareyası aktiv rejimdə 9 günlük və gözləmə rejimində 18 günlük iş üçün kifayətdir.

Sözügedən daşınan qurğu "Bluetooth 4.2" simsiz texnologiyasının köməyi ilə "Android 4.4" və "iOS 8.0" (həmçinin sonrakı versiyalar ) platformalarında işləyən mobil qurğulara qoşulur, "IP67" standartına uyğun olaraq su və toza qarşı davamlıdır.

9 iyun 2017-ci il tarixində satışa çıxarılacaq "Honor Band A2" qurğusunun qiyməti təxminən 30 dollardır.

Emil Hüseynov





14/06/17    Çap et