“Toshiba” şirkəti 13 saat avtonom işləyən noutbuk təqdim edib
“Toshiba” şirkəti uzun müddət avtonom işləyə bilən “Tecra X40” yığcam kompüterini təqdim edib.
İstehsalçı yeni noutbuku 48 Vatt/saat tutumunda akkumulyator batareyası ilə təchiz edib və bunun sayəsində qurğunun avtonom iş vaxtı 13 saat təşkil edir.
“ICTnews” Elektron Xəbər Xidməti “
dailycomm.ru” saytına istinadən yazır ki, noutbuk “Intel” şirkətinin müxtəlif prosessorları, həmçinin “Core i7” ilə işi dəstəkləyir. Ancaq hazırda satışda yalnız “Core i5-7300U” çipi ilə təchiz edilmiş “Tecra X40-D1452” modeli əlçatandır.
14 düymlük ekranın təsvir ölçüsü 1920x1080 və ya 1366x768 piksel təşkil edir. Ekran sensor toxunuşu dəstəkləyir. Noutbukun qalınlığı 16,9 mm, çəkisi təxminən 1,25 kq-dır.
Bundan başqa, noutbuk, həmçinin 8 QB-dək əməli yaddaş, 256 QB-lıq sərtgövdəli daşıyıcı, “Intel Wireless-AC 8265” simsiz rabitə modulu, “Intel i219-LM” şəbəkə kartı, “USB 3.0” konnektorları, “DisplayPort” şinini dəstəkləyən “USB 3.1 Type-C” və “HDMI” video çıxışı ilə təchiz edilib.
Noutbukda barmaq izi skaneri, “TPM” modulu və istifadəçinin sifəti üzrə eyniləşdirmə sistemi əlçatandır. Qurğunun korpusu cızıqlara qarşı, klaviatura isə suya qarşı dayanıqlıdır.
“Toshiba Tecra X40-D1452” modelinin qiyməti 1330 dollardır.
Emil Hüseynov