Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ADNSU-da II Startap və İnnovasiya Festivalı keçirilib


İyunun 16-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) II Startap və İnnovasiya Festivalı keçirilib.
 
Tədbirdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, universitet rektorları, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri və şirkət rəhbərləri iştirak edib.
 
Əvvəlcə Lazer Mərkəzinin açılışı olub. Qonaqlara lazer başlıqlı robotlar, onların iş prinsipləri və funksiyaları haqqında ətraflı məlumat verilib və bu, əyani olaraq nümayiş etdirilib. Lazer Mərkəzi ilk mərhələdə təhsil mərkəzi kimi fəaliyyət göstərərək tələbələrə bu sahədə biliklərin verilməsini nəzərdə tutur. Daha sonra isə iqtisadiyyat və sənayenin müxtəlif sahələrində istifadə olunan avadanlıqların təmiri və bərpasının həyata keçirilməsi, eyni zamanda lazer başlıqlarının istehsalının təşkil olunması planlaşdırılır.
 
ADNSU-nun rektoru Mustafa Babanlı “eazi START” Startap və İnnovasiya Mərkəzinin son iki ildə gördüyü işlərdən danışıb və gənclərin təqdim etdiyi layihələrin gələcəkdə böyük uğur qazanacağına inandığını bildirib. Onun sözlərinə görə, hətta bu layihələrin bəziləri dünya bazarlarına çıxa biləcək səviyyədədir.
 
Sonra universitetin “eazi START” startap məktəbinin “Smart Keyboard”, “Cam Touch”, “General Reporting Platform”, “Multivizor” və “KubiRub” layihələri festival iştirakçılarına təqdim olunub.
 
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik etdiyi qurumun ölkədə informasiya texnologiyalarının inkişafına xüsusi önəm verdiyini bildirib. Nazir bu sahədə vacib istiqamətlərdən birinin müasir elmi nailiyyətlərə əsaslanan ideyaların dəstəklənməsi olduğunu qeyd edib: "Nazirliyin İKT Fondu, Yüksək Texnologiyalar Parkı, Biznes İnkubasiya Mərkəzində bu sahədə müəyyən işlər görülüb. İnnovasiya sahələrinin inkişafı üçün bir çox startap layihələrinə qrantlar ayrılır. Bu günədək İKT Fondu tərəfindən innovasiya sahələri üzrə 4 qrant müsabiqəsi keçirilib. 600-dən çox layihədən 100-ü maliyyələşdirilib”.
 
Təhsil naziri Mikayıl Cabbarov ali məktəblərdə startap ideyalarının icrasının həm tələbələr, həm də təhsil müəssisələrinin özləri üçün yeni imkanlar yaratdığını deyib. Nazir bildirib ki, bu layihələrin həyata keçirilməsi gənclərin sahibkarlıq ruhunun inkişaf etdirilməsi, biznes potensialının artmasına xidmət edir: "Biz bu cür layihələri inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq. Startap layihələrinin icrası tələbələrin sahibkarlıq ruhunun inkişaf etdirilməsi ilə yanaşı, ali məktəblərin də əlavə qazanc əldə etməsində müəyyən rol oynaya bilər. Biz bu sahədə vahid milli platformadan çıxış etməliyik. İş adamları, dövlət və özəl şirkətlərlə müzakirələr bu sahəni daha məhsuldar edə bilər”.
 
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov festival iştirakçılarına uğurlar arzulayıb və "eazi START" startap məktəbinin “Smart Keyboard” layihəsinin müstəsna müəlliflik hüququnun ADNSU-ya aid olduğunu təsdiqləyən sənədi bu təhsil müəssisəsinin rektoru Mustafa Babanlıya təqdim edib.
 
Çıxışlardan sonra ADNSU-nun startap məktəbinin daha 6 layihəsi təqdim olunub.
 
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 




















16/06/17    Çap et