Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“IBM” superkompüterləri hava proqnozunun tərtibinə kömək edəcək


“IBM” superkompüterlərindən hava proqnozlarının tərtib edilməsi üçün istifadə ediləcək. Belə ki, Frankfurtda keçirilən beynəlxalq konfrans çərçivəsində ABŞ istehsalçısının “The Weather Company” şirkəti Universitet Atmosfer Tədqiqatlar Korporasiyası (UCAR) və Milli Atmosfer Tədqiqatları Mərkəzi (NCAR) ilə saziş imzalayıb. Alyans proqnozların tərtibi üzrə yeni texnologiyaların inkişafı üzərində çalışmağı nəzərdə tutur.

“ICTnews” Elektron Xəbər Xidməti “theRunet” resursuna istinadən yazır ki, hazırda təşkilatlar yerli proqnozların tərtibi ilə məşğuldurlar. “IBM” superkompüterləri əsasında isə eyni anda bütün qitələrdə baş verən iqlim dəyişikliklərini izləyəcək ilk sistemin yaradılması planlaşdırılır.

Məlumata görə, müasir texnologiyalar qasırğa və ya qar çovğunu kimi təbii fəlakətlərin havaya necə təsir göstərməsini izləyir. Lakin “IBM” şirkəti tufan kimi hadisələri də nəzərə alacaq model yaratmağı planlaşdırır. Beləliklə, təşkilatlar daha dəqiq uzunmüddətli proqnozlar verə və bir ay əvvəldən iqlim dəyişiklikləri barədə xəbərdarlıqlar edə biləcəklər.

“The Weather Company” şirkəti “Power 9” arxitekturası əsasında işləyəcək yeni sistemi “NCAR” texnologiyalarına adaptasiya edəcək.

Nizam Nuriyev 





22/06/17    Çap et