Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dubay küçələrində robot patrullar keşik çəkəcək


Bu ilin sonunadək Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərinin küçələrində sürücüsüz hərəkət edən polis avtomobilləri keşik çəkəcək. 360 dərəcəlik baxış bucağına malik kamera ilə təchiz edilmiş sözügedən polis avtomobilləri qanun pozuntularını aşkar edə, şübhəli və axtarışda olan şəxsləri müəyyənləşdirə biləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, robot patrulların Dubayın əsas turizm yerləri, küçələr və ticarət mərkəzlərində keşik çəkəcəyi gözlənilir. Yalnız polis barmaq izinin köməyi ilə "ağıllı" avtomobilə müdaxilə edə bilər.
 
"O-R3" robotlarını Dubay polisinə Sinqapurun "OTSAW Digital" şirkəti tədarük edir. Zərurət olduqda avtonom avtomobil tərəfindən havaya buraxılan pilotsuz təyyarə cinayətkarı təqib edəcək. Videomüşahidə sistemi və dron polis bölməsi ilə əlaqəli işləyir.
 
Dubay hakimiyyəti gələcəkdə adi polis kimi öz vəzifələrini yerinə yetirən tam funksional robot yaratmaq istəyirlər: cinayətkarı təqib etmək, həbslər həyata keçirmək, həmçinin özü ilə silah gəzdirmək. 2030-cu ilədək belə robot patrullar Dubay polislərinin ümumi sayının 25%-ni təşkil edəcək.

Emil Hüseynov





03/07/17    Çap et