Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çərçivəsiz “Sharp” smartfonları bazarda rəqabət aparacaq


Yaponiyanın “Sharp” şirkəti iyulun 17-də maraqlı dizayna malik iki yeni smartfonun təqdimatını keçirəcək. İki vertikal kameralı qurğuların ekranının kənarları tam çərçivəsiz olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “IGate” resursuna istinadən yazır ki, “FS8010” və “FS8016” model sırasına aid yeni qurğular “iPhone 8” və “Samsung Galaxy S8” smartfonları ilə rəqabət aparacaq. Onlar perimetr üzrə çərçivəsiz 2048 х1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı ekranla təchiz ediləcək. Yalnız yuxarı hissədə ön kamera üçün kiçik açıq yer yerləşəcək. Displey panelinin ölçüsünün təxminən 91,3 faizə bərabər olacağı gözlənilir.

Məlumata görə, yeni “Sharp” smartfonları 12 meqapikselli qoşa kamera ilə təchiz ediləcək. Modellər bir-birindən prosessoruna görə fərqlənəcək. “FS8016” modelinin əsasını “Snapdragon 660” çipi təşkil edəcək, “FS8010” modeli isə birkristallı “Snapdragon 630” sisteminə əsaslanacaq.

Kiçik modifikasiyalı modelin operativ yaddaş tutumu 4 giqabayt, böyük modelin 6 giqabayt təşkil edəcək. “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək smartfonların quraşdırılmış yaddaşı barədə məlumat verilmir.

Yeni çərçivəsiz “Sharp” smartfonlarının orta səviyyəli modellər sırasına aid olmasına görə uğurlu qurğular olacağı gözlənilir.

Nizam Nuriyev
 





03/07/17    Çap et