Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Huawei MediaPad M3 Lite 10” planşeti satışa çıxarılıb


"Huawei" şirkəti "4G" texnologiyalı "MediaPad M3 Lite 10" planşet kompüterini təqdim edib. Qurğu 10,1 düymlü ekran, 8 nüvəli prosessor və "Harman Kardon" şirkəti ilə əməkdaşlıqda hazırlanan 4 dinamikli stereo sistemlə təchiz edilib.

"ICTnews" Elektron Xəbər Xidməti "CNews" resursuna istinadən yazır ki, yeni model "MediaPad" planşetlər ailəsinin üçüncü nəslidir. Səkkiznüvəli "Qualcomm MSM8940" prosessoru bazasında hazırlanan planşet 3 giqabaytlıq operativ yaddaş və modifikasiyadan asılı olaraq 16 və ya 32 giqabaytlıq toplayıcılarla təchiz edilib. Daxili yaddaş tutumunu 128 giqabaytlıq "microSD" kartı ilə genişləndirmək mümkündür. Qurğuda 450 MHs takt tezlikli "Adreno 505" qrafik sürətləndiricisi quraşdırılıb.

Planşet 1920 x 1200 piksel təsvir ölçülü "IPS" displeylə təchiz edilib. Əsas və ön kameranın təsvir ölçüsü 8 meqapiksel təşkil edir.

"Huawei MediaPad M3 Lite 10" planşetinin 6660 milliamper/saat tutumlu batareyası və "Smart Power Saving 5.0" enerjiyə qənaət texnologiyası qurğunun enerji toplamadan uzun müddət işləməsini təmin edir. Yenilənmiş "EMUI 5.0" interfeysi planşetə "Android 7.0" əməliyyat sisteminin potensialını tam açmağa imkan verir.

"Huawei MediaPad M3 Lite 10" yükləmə sürəti 150 Mbit/saniyəyə bərabər "4G LTE" dəstəkli radio modulu ilə təchiz olunub. Operatorların şəbəkələrinə qoşulma üçün nano standartlı SİM kartdan istifadə edilir. Simsiz qurğulara qoşulma üçün planşet "Bluetooth 4.0" versiyasını dəstəkləyir.

Planşetin çəkisi, 460 qram, qalınlığı 7,1 millimetr təşkil edir.

Nizam Nuriyev 





04/07/17    Çap et