Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Tibbi robot köməkçi ev şəraitində sınaqdan keçirilib
Texnologiya və hesablama gücünün inkişafına baxmayaraq, mövcud kompüter alqoritmləri əvvəlki kimi hərəkət aktivliyinin öhdəsindən zəif gəlir. Məsələn, müxtəlif fiziki obyektləri tutmaq üçün belə sistemlər məkanın sürətli inventarizasiyasını həyata keçirməlidir: məsafəni ölçmək, mümkün maneələri aşkar etmək, marşrut qurmaq, əşyanın forma və ölçüsünü müəyyənləşdirmək. Bu halda sonrakı manipulyasiyalar yalnız hərəkətlərin koordinasiyasını deyil, həm də güc səviyyəsinin tənzimlənməsini tələb edir, çünki robot əşyanı həddən çox sıxdığı halda ona zərər yetirə bilər. Bundan başqa, təcrübədə bu parametrlərə nəzarət avtomatlaşdırılmalıdır.
“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, tədqiqatçılar bu problemin müxtəlif həlli üsullarını təklif edirlər. Məsələn, bu ilin iyununda amerikalı alimlər tərəfindən təqdim edilmiş sistem məişət əşyalarını təxminən 99 faiz dəqiqliklə tutmaq qabiliyyətinə malikdir. Robot birinci mərhələdə sensorun köməyi ilə obyektin geometriyasını təsbit edir və bundan sonra süni neyron şəbəkəsi əşyanı tutmaq üçün manipulyatorun optimal oriyentasiyasını müəyyənləşdirir. Qurğu sınaqlar zamanı dərin təlim prinsiplərinə əsasən davranış şablonlarından ibarət baza yaradır. 2012-ci ildə “Toyota” şirkəti buna oxşar həllini təqdim etmişdi. İndi “Human Support Robot” (HSR) adlandırılmış robot Yaponiyanın bəzi xəstəxanalarında pasiyentlərə kömək məqsədilə istifadə olunur.
“HSR” mobil proqram vasitəsilə idarə edilən displey və manipulyatora malik hərəkət edən dayaq formasındadır. Qurğu daxili kameralarının köməyi ilə məqsədli predmet istiqamətində marşrut qurur və sonrakı hərəkətləri həyata keçirir. İndi şirkət öz həllini ev şəraitində sınaqdan keçirib. “HSR” Əfqanıstanda döyüşmüş amerikalı müharibə veteranı Romulo Kamarqonun evində yoxlanılıb: o, 2008-ci ildə yaralanıb və boyun nahiyəsindən aşağı hissəsi iflic olub. Pasiyent ağzına götürdüyü stilusun köməyi ilə mobil proqramı idarə edir.
İstehsalçıların sözlərinə görə, robot pərdələrin açılması daxil olmaqla müxtəlif hərəkətləri yerinə yetirmək qabiliyyətinə malikdir. Bununla belə, Yaponiya şirkəti yaxın vaxtlarda “HSR” robotunun kütləvi istehsalına başlamaq niyyətində deyil.