Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qarışqa turşusu ilə işləyən avtobus yaradılıb


Niderlandın Eyndhoven Texniki Universitetinin tələbələr qrupu qarışqa turşusu ilə işləyən dünyanın ilk avtobusunu yaradıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Populyarnaya Mexanika” resursuna istinadən yazır ki, ixtiraçıların sözlərinə görə, bu, alternativ yanacaq növlərindən istifadə ilə müqayisədə daha ucuz və praktik həldir. Tələbələrin məqsədi iqlim dəyişiklikləri ilə mübarizəyə kömək edəcək zərərli tullantılarsız nəqliyyat şəbəkəsini inkişaf etdirməkdir.
 
Məlumata görə, yeni avtobusun istifadə etdiyi yanacaq “Hydrozine” (“Hydrazine” deyil) adlanır. Bu, asan və təhlükəsiz daşınan mayedir. Qarışqa turşusu stansiyaları adi yanacaqdoldurma məntəqələri kimi görünəcək və istifadə olunacaq. Fərq isə stansiyalarda yanacağın daha təmiz olmasındadır. Avtobus zərərli qazlar əvəzinə su və karbon qazı (CO2) buraxacaq.  
 
Yanacaq qurğunun daxilində yaradılır və hazırda niderlandlı tələbələr onun üçün patent hüququ almağa çalışırlar. Orada isə “Hydrozine” katalizator vasitəsilə hidrogen və karbon qazına parçalanır. Daha sonra hidrogen mühərriki enerji ilə təmin edən elektrikin generasiyası üçün reaksiya verəcək yanacaq elementinə əlavə olunur.
 
Avtobus “VDL” şirkətinin hazırladığı elektrik ötürücüsü ilə təchiz olunub. Yanacaq çəni 300 litr üçün nəzərdə tutulub və tədqiqatçıların sözlərinə görə, avtobus bununla 200 kilometrədək məsafə qət edə bilər.
 
Cari ilin sonunadək nəqliyyat vasitəsindən aktiv istifadə gözlənilir.

Nizam Nuriyev 





08/07/17    Çap et