“Zeiss” optikası yenidən “Nokia” smartfonlarında quraşdırılacaq
Finlandiyanın “HMD Global” şirkəti smartfonlar sənayesində yeni çəkiliş standartlarının qurulması məqsədilə Almaniyanın “Zeiss” istehsalçısı ilə uzunmüddətli əməkdaşlıq haqqında saziş imzalayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
IGate” resursuna istinadən yazır ki, “Zeiss Group” idarə heyətinin üzvü Mattias Mesin sözlərinə görə, şirkətlər arasında “Nokia” smartfonları üzərində iş üçün əməkdaşlıq istehlakçıları təsvirlə işdə yeni innovativ və keyfiyyətli yanaşma ilə təəccübləndirəcək. “Əməkdaşlığımız uzunmüddətli birgə fəaliyyətə əsaslanır və biz birlikdə mobil çəkiliş sahəsində ən cəsarətli innovasiyalara hazırıq”, - o bildirib.
Xatırladaq ki, “Nokia” 2004-cü ildən “Zeiss” ilə əməkdaşlıq edib. 2005-ci ildə “Zeiss” optikasının quraşdırıldığı “Nokia N” seriyalı ilk telefonlar buraxılıb. Sonradan optikadan “Lumia” smartfonlarının “PureView” kamerasında istifadə olunub. Məşhur modellərdən 41 meqapikselli “Nokia 808 PureView” və eyni təsvir ölçülü “Lumia 1020” modellərini qeyd etmək olar.
Qeyd edək ki, “HMD Global” və “Zeiss” arasında əməkdaşlığın eksklüziv xarakter daşımasına görə Almaniya şirkətinin optikasından yalnız “Nokia” qurğularında istifadə ediləcək.
“Zeiss” optikalı smartfonların buraxılma müddəti barədə məlumat verilmir.
Nizam Nuriyev