Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mobil hökumət və mobil imzanın tətbiqi üzrə Avstriya-Azərbaycan əməkdaşlığı genişləndirilir


Elektron hökumət, elektron xidmətlərin inkişafı istiqamətində həyata keçirilən dövlət siyasətinə uyğun olaraq Azərbaycanda elektron idarəçilik və rəqəmsallaşdırma üzrə beynəlxalq təcrübə öyrənilir, xarici ölkələrlə təcrübə mübadilələri aparılır.
 
Avstriya ilə İKT sahəsində əməkdaşlıq çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin nümayəndə heyəti Vyana şəhərinə səfər edib.
 
Səfər zamanı Avstriya Federal Katibliyi, Rəqəmsal Avstriya Təşkilatı, Federal Kompüter Mərkəzi, Avstriya Texnologiyalar İnstitutu və digər müvafiq qurumların rəhbərləri ilə görüşlər keçirilib.
 
Görüşlərdə əsas müzakirə mövzusu mobil hökumət və mobil imzanın tətbiqi imkanları, təhlükəsizliyi və qarşılıqlı tanınması olub. Qeyd edilib ki, 2018-ci ildən etibarən Azərbaycan vətəndaşlarına veriləcək yeni nəsil şəxsiyyət vəsiqələri mobil hökumətin və mobil imzanın geniş tətbiqini zəruri edir. Bu baxımdan ölkəmizdə hər iki elektron hökumət komponentinin – mobil hökumət və mobil imzanın tətbiqinin Avstriya ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində sürətləndirilməsi qərara alınıb.
 
Səfər çərçivəsində elektron hökumətin inkişafı, elektron xidmətlərin qiymətləndirilməsi, elektron şəxsiyyət vəsiqəsi, açıq hökumət məlumatları sahəsində təcrübə mübadiləsi də müzakirə olunub. Müzakirələr zamanı avstriyalı mütəxəssislər nazirlik tərəfindən elektron imzanın tokenlərdə daşınması və sadələşdirilmiş istifadə qaydasının tətbiqini uğurlu təcrübə kimi qiymətləndiriblər.
 
 Qeyd edək ki, səfər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Avropa İttifaqının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında elektron xidmətlərin inkişafının gücləndirilməsi” layihəsi çərçivəsində baş tutub.
 
Məlumat üçün bildirək ki, Azərbaycan və Avstriya artıq 25 ildir ki, bütün sahələrdə əməkdaşlıq edir. İki ölkə arasında iqtisadi əlaqələr “İqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiya”nın fəaliyyəti ilə tənzimlənir. Azərbaycan tərəfdən komissiyaya nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə rəhbərlik edir. Bu günə qədər Azərbaycan və Avstriya hökumətləri arasında 40-dan çox ikitərəfli müqavilələr imzalanıb. 












13/07/17    Çap et