Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

50 TB-lıq yığcam SSD daşıyıcılar təqdim edilib


“Sanmina Corporation”ın bölməsi olan “Viking Technology” şirkəti “UHC-Silo” seriyasına məxsus 50 TB-lıq ən tutumlu “SSD” daşıyıcısını təqdim edib. Standart “SAS” interfeysinə malik olan daşıyıcı 3,5 düymlük form-faktorda hazırlanıb və məlumatların işlənməsi mərkəzlərində istifadə üçün nəzərdə tutulub. Yeni daşıyıcı aşağı enerji sərfiyyatına malikdir. Qurğu aktiv iş zamanı 16 vatt, işləmədikdə isə 10 vattadək elektrik enerjisi sərf edir. Şirkətlər bu daşıyıcının köməyi ilə məkan və elektrik enerjisinə 80%-dək qənaət edəcəklər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni daşıyıcıda daha qabaqcıl və sürətli “3D TLC NAND” həllinin əvəzinə, “SK Hynix MLC” çiplərindən istifadə edilib. Ardıcıl oxuma və yazma sürəti müvafiq olaraq 500 və 350 Mbit/s-dək təşkil edir ki, bu da təəccübləndirmir, çünki indi “NVMe” interfeysi üçün 1 Qbit/s-dən yüksək sürət artıq norma hesab edilir. “Viking Technology” şirkəti daşıyıcıların  uzun müddət işləməsinə önəm verir. Belə ki, sözügedən şirkətin daşıyıcıları gündəlik yazma ilə 5 ilədək işləmək qabiliyyətinə malikdirlər.
 
Emil Hüseynov





14/07/17    Çap et