Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Bloomberg”: “Elektromobillərin enerji sərfiyyatı 300 dəfə artacaq”


Elektromobillərin avtomobil sənayesi ilə yanaşı, dünya elektrik enerjisi bazarını dəyişəcəyi gözlənilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "ITCua" resursuna istinadən yazır ki, "Bloomberg" agentliyi ekspertlərinin məlumatına görə, 2040-cı ilədək dünyada satılan yeni avtomobillərin yarısından çoxu tam elektrik olacaq. Öz növbəsində mütəxəssislər xəbərdarlıq edir ki, bu, elektrik enerjisinə tələbatın kəskin artması ilə nəticələnəcək.
 
Belə ki, elektromobillərin elektrik enerjisindən yüksək artımla 2020-ci ildən etibarən işlətməyə başlayacağı proqnozlaşdırılır. 2016-cı ilin yekunları üzrə dünya elektromobillər parkı 6 teravatt tələb edirdisə, 2030-cu ilədək bu göstərici 400, 2040-cı ilədək 1800 teravatt səviyyəsinə çataraq 24 il ərzində 300 dəfə artacaq. 
 
Nəticədə 2040-cı ilədək elektromobillərin ümumdünya elektrik enerjisinə tələbatda payı 5 faiz təşkil edəcək. Bu isə o deməkdir ki, elektrik enerjisi istehsalçıları təkcə istehsalı gücləndirməklə deyil, elektrik enerjisinin saxlanılması sistemlərini aktiv inkişaf etdirməklə, eləcə də elektromobillərin pik saatlarında yox, məsələn, axşam və ya istirahət günlərində enerji toplamasını stimullaşdıracaq uyğun tariflər hazırlamaqla məşğul olacaqlar.
 
Ekspertlərin sözlərinə görə, son nəticədə elektrik enerjisi tədarükçüləri faydalanacaq. Bu gün onlar daha ucuz günəş və külək energetikasının inkişafı fonunda qiymətlərin aşağı düşməsindən ziyan çəkirlərsə, elektromobillərin populyarlığının artması ilə əlaqədar elektrik enerjisinə tələbat yüksələcək və onlar yenidən qiymətləri artırmaq imkanı əldə edəcəklər.
 
Nizam Nuriyev 





15/07/17    Çap et