Görmə və eşitməni bərpa edəcək beyin implantı hazırlanır
İnsanlara eşitmə və görmə qabiliyyətini qaytara biləcək müasir texnologiyalar adətən hissiyyat orqanlarının bərpasına yönəlib. Lakin ABŞ-ın Rays Universitetinin mütəxəssisləri başqa yol seçərək informasiyanı kənar qurğulardan qəbul etdikdən sonra məlumatları emal edən və müəyyən beyin hissələrini stimullaşdırmaqla görmə və eşitmə qabiliyyətinin itirilməsini bərpa edən “FlatScope” beyin implantı yaradıblar.
“ICTnews” Elektron Xəbər Xidməti “
Hi-News” resursuna istinadən yazır ki, ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (Defence Advanced Research Project Agency - DARPA) oxşar qurğuların yaradılması məqsədilə müsabiqə elan etməsi ötən həftə açıqlanıb. Tədqiqata 65 milyon dollara yaxın vəsait ayrılması nəzərdə tutulur. İlkin mərhələdə mütəxəssislərə 4 milyon dollar təqdim ediləcək. Bu məbləğ onlara görmənin bərpası üçün tədqiqatları və proqram aparat kompleksinin hazırlanmasını davam etdirməyə imkan verəcək.
Bildirilir ki, oxşar şəkildə işləyən müasir sistemlərin imkanlarının məhdud olmasına görə informasiyanın ələ keçirilməsinin, ötürülməsinin və emalının keyfiyyəti barədə danışmağa dəyməz. Rays Universiteti laboratoriyasının əməkdaşları tədqiqatı yeni səviyyəyə çıxararaq yüz minlərlə, perspektivdə isə milyonlarla baş-beyin qabığı neyronuna birbaşa təsir göstərən neyrointerfeys yaratmağı planlaşdırırlar.
Hazırda layihənin ilkin mərhələdə olmasına görə sınaqların keçirilməsi barədə danışmaq tezdir. Lakin buna baxmayaraq işlər aparılır və maliyyə ilə bağlı problemlərə rast gəlinmir.
Nizam Nuriyev