Kibertəhlükəsizlik üzrə mütəxəssislərə tələbat kəskin artıb
“Cybersecurity Ventures” şirkətinin qiymətləndirməsinə görə, 2015-ci ildə dünyada kibercinayətkarlıq fəaliyyəti nəticəsində dəyən ziyanın (məlumatların məhv edilməsi, pul və intellektual mülkiyyətin oğurlanması, iş vaxtının itirilməsi və s. ilə əlaqədar) məbləği 3 trilyon dollara çatıb, 2021-ci ilədək isə bu göstəricinin 6 trilyon dollaradək artacağı gözlənilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Computerworld” resursuna istinadən yazır ki, bununla belə, 2016- 2019-cu illərdə kibertəhlükəsizlik üzrə mütəxəssislər üçün açıq vakansiyaların sayının 1 milyondan 1,5 milyonadək artacağı proqnozlaşdırılır. Təkcə ABŞ-da kibertəhlükəsizlik sahəsində 800 min nəfər çalışır, açıq vakansiyaların sayı isə təxminən 350 min təşkil edir.
Bildirilir ki, şirkətlər mütəxəssisləri qarışıq sahələrdə axtarmaq məcburiyyəti ilə qarşılaşırlar. “Illumio” şirkətinin məlumatına görə, kibertəhlükəsizlik sahəsinə proqram tərtibatçıları və digər İT mütəxəssisləri keçməyə başlayıb. Şirkət dövlət və hərbi strukturlarda iş təcrübəsinə malik əməkdaşları, eləcə də qadınları cəlb etməyə çalışır. “Information Security Certification” (ISC)² Assosiasiyasının məlumatına görə, hazırda informasiya təhlükəsizliyi üzrə mütəxəssislər arasında qadınların payı 11 faizə bərabərdir.
“SecurityScorecard” nümayəndələrinin fikrincə, mütəxəssislərin axtarışında daha səmərəli üsullardan biri “Defcon” və ya “HackMiami” kimi regional konfranslarda baş tutan hakerlər arasında oxşar yarışların keçirilməsidir. “Trend Micro” şirkəti üçüncü ildir ardıcıl “Capture the Flag” beynəlxalq çempionatını təşkil edir. Bu il çempionatın final mərhələsinin Yaponiyada keçirilməsi planlaşdırılır.
Nizam Nuriyev