Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni məlumat ötürmə standartı təqdim olunub (VİDEO)


Simsiz interfeysin inkişafına məsul “Bluetooth SIG” təşkilatı yeni “Bluetooth Mesh” məlumat ötürmə formatı təqdim edib. Texnologiya “ağıllı” ev qurğularının gələcək inkişafı məqsədilə yaradılıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Macdigger” resursuna istinadən yazır ki, yeni standart ötürülmə zamanı məlumatların çox ünvanlı paylanılması üçün nəzərdə tutulub. “Bluetooth Mesh” virtual şəbəkədən istifadə edir: məlumatlar ünvançıya çatanadək bir ünvandan digərinə ötürülür. Mütəxəssislərin planına görə, bu, “Əşyalar interneti” texnologiyalarının inkişafına kömək edəcək.
 
Məsələn, məlumatları otaqdakı ötürücüdən o biri başdakı smartfona göndərmək tələb olunan zaman informasiya aralıq kəsişmə nöqtələri - planşet, noutbuk, kompüter və texnologiyanı dəstəkləyən digər qurğular vasitəsilə ötürüləcək. Nəticədə sensorlar uzaq məsafələrdə mərkəzi kəsişmə nöqtəsi ilə məlumat mübadiləsi edəcək.
 
Siqnalın birbaşa qəbulediciyə analoji şəkildə göndərilməsi yaxın ünvana ötürülmə ilə müqayisədə enerji üçün daha çox xərclər tələb edir. Bu səbəbdən “Əşyalar interneti” qurğuları avtonom rejimdə daha çox işləyəcək.
 
“Bluetooth Mesh” standartının üstünlüyü ondan ibarətdir ki, aparat proqram təminatı səviyyəsində dəyişikliklər tələb olunmur. Texnologiya “Bluetooth 4.0” və “Bluetooth 5.0” simsiz şəbəkəsinə malik bütün qurğularda işləyə bilsə də, proqram təminatının yenilənməsi tələb edilir. Təşkilat standartın inkişafı üçün texnika istehsalçılarını cəlb etməyi planlaşdırır.
 
Nizam Nuriyev 


 






19/07/17    Çap et