Yeni “Samsung” smartfonu qoşa kamera ilə təchiz ediləcək
"Samsung" şirkəti cari ilin sonunadək qoşa əsas kamera ilə təchiz edilən dörd smartfon təqdim etməyə hazırlaşır. Bunlar avqustun 23-də nümayiş olunacaq qabaqcıl "Galaxy Note 8", ucuz "Galaxy J7" (2017) və "Galaxy C" istehsal xəttindən "Galaxy C7" (2017) və "Galaxy C10" qurğularıdır.
"ICTnews" Elektron Xəbər Xidməti "
4PDA" resursuna istinadən yazır ki, "Galaxy C10" barədə çoxlu şayiələr yayılıb və bu yaxınlarda onun real fotoşəkilləri görünməyə başlayıb. Lakin "Galaxy C7" (2017) modeli haqqında indiyədək məlumat olmayıb. Bu dəfə isə Çinin "TENAA" Agentliyində sertifikasiyadan keçən qurğunun şəkilləri təqdim edilib.
Bildirilir ki, "Samsung Galaxy C7" (2017) xarici görünüşünə görə "Galaxy C10" modelinə bənzəyəcək. Onun qabaqcıl modellərdə olduğu kimi, çərçivəsiz ekrana malik olmaması səbəbindən barmaq izi skaneri "Home" düyməsinin ön tərəfində yerləşəcək. Digər xüsusiyyətlər arasında, həmçinin arxa tərəfdə quraşdırılacaq qoşa kameranı qeyd etmək olar.
Texniki xüsusiyyətləri barədə məlumat verilməyən "Galaxy C7" (2017) modelinin 600-cü seriyalı "Snapdragon" prosessoru ilə təchiz edilən orta səviyyəli smartfon olacağı gözlənilir.
Nizam Nuriyev