Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni “Firefox” versiyası eyni anda 1500-dən çox tab-vərəqə açır


İnternet brauzer tərtibatçıları daim məhsulların optimallaşdırılmasını təkmilləşdirərək saytların operativ yaddaşdan istifadəsini azaltmağa, enerji səmərəliliyini və yüklənmə sürətini artırmağa çalışırlar. Bu yaxınlarda keçirilən müstəqil testdən məlum olub ki, “Chrome”, “Edge”, “Opera” və “Firefox” brauzerlərinin avtonom iş vaxtı təxminən eynidir. Lakin “Mozilla” şirkətinin “Firefox” brauzerinin son versiyalarında operativ yaddaşdan istifadəni dəfələrlə azaltmağa nail olması bildirilir. Belə ki, “Firefox” tərtibatçısı Ditrih Ayala brauzerin müxtəlif versiyaları ilə bir sıra testlər keçirərək eyni anda 1 691 tab-vərəqə açıb.  
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, “Firefox”un hazırkı 54-cü versiyası əvvəlki versiyalar kimi qənaətbəxş məhsuldarlıq və optimallaşdırma göstəriciləri nümayiş etdirmir. Lakin hazırda beta test mərhələsində olan 55-ci və yeni 56-cı versiya hər iki parametr üzrə böyük irəliləyiş edib.  
 
Məlumata görə, “Firefox 54” 1 691 tab-vərəqə açıq olan zaman işə düşmək üçün təxminən 4 dəqiqə, “Firefox 55” isə 15 saniyə sərf edib. Bu halda “Firefox 54”-ün operativ yaddaş sərfiyyatı 2 giqabayta bərabər olub. Lakin “Firefox 55” eyni sayda tab-vərəqənin açılması üçün 0,5 giqabayt operativ yaddaşdan istifadə edib.
 
Qeyd edilir ki, “Mozilla” yaradıcıları bu nəticəyə yeni “Quantum Flow” layihəsi sayəsində nail olublar. Layihə çərçivəsində mütəxəssislər optimallaşdırılma işlərinin aparılması ilə məşğul olublar.
 
Nizam Nuriyev 





25/07/17    Çap et