Kiçik və orta biznes seqmentində İT xərcləri 680 milyard dollara çatacaq
“International Data Corporation” (IDC) şirkəti yaxın illər üçün kiçik və orta biznes seqmentində informasiya texnologiyaları (İT) xərclərinin həcmi üzrə proqnoz açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “
Servernews” resursuna istinadən yazır ki, tədqiqatda aparat təminatı (fərdi kompüterlər, serverlər, şəbəkə avadanlığı və s.), proqram təminatı, eləcə də müxtəlif servislər (o cümlədən biznes sinfi) üçün xərclər nəzərə alınıb. Burada söhbət ümumi ştatı 1000 nəfərdən çox olmayan şirkətlərdən gedir.
Bildirilir ki, 2017-ci ildə kiçik və orta biznes şirkətlərinin İT xərcləri 568 milyard dollar təşkil edəcək. Şirkətin proqnozuna görə, 2021-ci ilədək bu göstərici 676 milyard dollara çatacaq. Bununla yanaşı, yaxın illərdə mürəkkəb faizlərdə orta ümumi illik artım tempi (CAGR) təxminən 4,5 faizə bərabər olacaq.
Məlumata görə, cari ildə kiçik və orta biznes şirkətlərinin proqram təminatı kateqoriyasında xərclərinin təqribən üçdə bir hissəsi 3 növ məhsulun payına düşəcək. Bunlar müəssisə resurslarının idarəetmə sistemləri (ERM), müştərilərlə münasibətlərin idarəetmə sistemləri (CRM) və kontentlə iş üçün məhsullardır.
Aparat təminatına gəldikdə, burada xərclərin əsas hissəsini fərdi kompüterlərin, o cümlədən noutbuk və yardımçı qurğuların alışı təşkil edəcək.
Servislər kateqoriyasında xərclərin əksər hissəsi İT xidmətlərinin payına düşsə də, analitiklər qeyd edir ki, biznes servislərinin töhfəsində tədricən artım gözlənilir.
Nizam Nuriyev