“Moto Z2 Force” smartfonu rəsmən təqdim edilib
“Motorola” brendinin sahibi “Lenovo” şirkəti yeni qabaqcıl “Moto Z2 Force” smartfonunu rəsmən təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “
Life” resursuna istinadən yazır ki, “ShatterShield” texnologiyası üzrə zədələnmələrdən mühafizə olunan 5,5 düym diaqonallı “Quad HD” ekranı ilə təchiz edilən qurğu möhkəm metal korpusa malikdir. Bundan başqa, smartfonun əsas kamerası 12 meqapikselli rəngli və monoxrom modullardan ibarətdir. Sensorlu ön kamera isə 5 meqapikselli olmaqla işıqlandırıcı ilə təchiz edilib.
Məlumata görə, “Android 7.1.1 Nougat” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Moto Z2 Force” smartfonu “Qualcomm Snapdragon 835” prosessoru, 4 giqabayt operativ yaddaş və “microSD” kartları ilə genişlənmə imkanına malik 64 giqabayt tutumlu quraşdırılmış yaddaş ilə təchiz olunub.
Bundan əlavə, suya davamlı yeni qurğu “TurboPower” sürətli enerji toplama funksiyası ilə 2730 milliamper/saat tutumlu akkumulyatora malikdir və 2 SİM kartdan istifadəni dəstəkləyir. Həmçinin smartfonda “USB Type-C” portu və barmaq izi skaneri quraşdırılıb.
ABŞ-da ilkin qiyməti 720 dollar təşkil edən “Moto Z2 Force” smartfonunun satışlarına avqustun 10-dan etibarən başlamaq planlaşdırılır. Yayın sonunadək smartfonun digər ölkələrin bazarlarına da çıxarılması gözlənilir.
Nizam Nuriyev