İki “Apple” qurğusunun istehsalı dayandırılır
ABŞ-ın “Apple” şirkəti “iPod shuffle” və “iPod nano” rəqəmli musiqi pleyerlərinin istehsalını dayandıracaq. Bu barədə şirkətin bəyanatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Rambler” resursuna istinadən yazır ki, sənədə görə, “iPod” istehsal xətti sadələşdirilir və bundan sonra qoşa yaddaşla təqdim ediləcək 2 “iPod touch” modelinin minimal qiyməti 199 dollar təşkil edəcək. “iPod shuffle” və “iPod nano” qurğularının istehsalı dayandırılacaq”, - bəyanatda qeyd olunur.
Məlumata görə, 32 və 128 giqabayt yaddaş tutumu ilə təqdim ediləcək “iPod touch” qurğularının qiyməti müvafiq olaraq 199 və 299 dollara bərabər olacaq. 16 və 64 giqabaytlıq yaddaşa malik modellərin satışı dayandırılır.
Bildirilir ki, “iPod shuffle” və “iPod nano” pleyerləri “Apple” şirkətinin ən ucuz rəqəmli qurğuları sırasına daxil olub. “iPod nano” qurğusunun qiyməti 149 dollar, “iPod shuffle” pleyerinin 49 dollar təşkil edib.
“iPod shuffle” modeli 2005-ci ildə, “iPod nano” isə həmin ilin sonunda satışa çıxarılıb. Pleyerlər son dəfə 2015-ci ildə yenilənərək yeni rəngdə buraxılıb. “Bloomberg” agentliyinin qiymətləndirməsinə görə, “Apple” ümumilikdə 400 milyondan çox müxtəlif “iPod” pleyer modeli satıb. Bununla yanaşı, satılan müxtəlif “iPhone” smartfonlarının sayı 1 milyardı ötüb.
1976-cı ildə təsis edilən “Apple” şirkəti “iPod” və “iPhone” ilə yanaşı, “iMac” masaüstü kompüterlərinin, “MacBook” noutbuklarının və digər texnikanın istehsalı ilə məşğul olur. Dünyanın ən iri şirkətlərindən biri hesab edilən “Apple”ın kapitallaşma dəyəri 800 milyard dolları üstələyib.
Nizam Nuriyev