Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “5G” texnologiyasının sınaqlarına başlayıb


ABŞ Federal Rabitə Komissiyası "Apple" şirkətinə "5G" texnologiyasının sınaqlarının keçirilməsinə icazə verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Macdigger" resursuna istinadən yazır ki, texnologiyanı "Apple" şirkəti ilə yanaşı, "Google", "Facebook" və "Samsung" sınaqdan keçirir. Bundan başqa, "Sprint" və "T-Mobile" mobil rabitə operatorları tərəfindən ilk "5G" şəbəkələrinin 2019-2020-ci illərdə istifadəyə veriləcəyi gözlənilir.
 
Məlumata görə, dalğaların uzunluğunun azaldılması və tezliyin yüksəldilməsi "Apple" texnologiyasını rəqiblərindən fərqləndirəcək. Test üçün ilk meydançaların 2018-ci ilin avqustunadək Kaliforniyada yerləşən ofislərin yaxınlığında inşası planlaşdırılır.
 
Bu il "5G" modulu yeni "iPhone" smartfonunda quraşdırılmasa da, növbəti modelin onunla təchiz ediləcəyini ehtimal etmək olar.
 
Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.  
 
Nizam Nuriyev 





29/07/17    Çap et