Smartfonların işləməsini uzadan proqram təqdim edilib
Rusiyanın “Kasperski laboratoriyası” antivirus şirkəti “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfon və planşetlərin işləmə müddətini uzatmağa imkan verən pulsuz “Battery Life” əlavəsini təqdim edib. Yeni həll istifadəçilər üçün mobil qurğuların enerjisinin bitməsi ilə bağlı xoşagəlməz halları aradan qaldıracaq.
“ICTnews” Elektron Xəbər Xidməti “
CNews” resursuna istinadən yazır ki, “Battery Life” qurğuda bütün əlavələri analiz edərək onlardan ən çox enerji sərf edənləri müəyyənləşdirir. Şirkətin apardığı xüsusi tədqiqata görə, bu, istifadəçinin “Android” sistemli proqramların 96 faizini işə salmayanda da onların xüsusi fon rejimində işləməsi nəzərə alınmaqla böyük əhəmiyyət kəsb edir. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni həll düyməni bir dəfə basmaqla boşuna enerji sərfinin qarşısını almağa imkan verir ki, bu da batareyanın istismar müddətini uzadır. Bundan başqa, “Battery Life” əlavələrin tipik iş ssenarilərini öyrənir və onlardan biri adi haldan daha çox enerji sərf etməyə başlayanda təcili istifadəçiyə bu barədə xəbər verir.
Məlumata görə, proqram qurğunun enerjisi bitən zaman batareyanın enerji ilə tam doldurulması vaxtını hesablayır. Əlavənin daha bir faydalı xüsusiyyəti batareyanın enerjisinin tam tükənmə vaxtını hesablamasıdır. Bu informasiya istifadəçiyə yaxın enerji mənbəyinə çatmağa və rabitədən məhrum olmamağa imkan verir.
“Kasperski laboratoriyası” şirkətinin ev istifadəçiləri üçün məhsulların idarəetməsi şöbəsinin rəhbəri Yelena Xarçenko bildirib ki, bizim yanaşma təkcə kibertəhdidlər sahəsində deyil, bütün sahələrdə riskləri minimuma endirməkdən ibarətdir. “Battery Life” əlavəsi insanlara smartfonların işinə nəzarətə və rabitə əlaqəsini itirməməyə kömək edir. Bu isə, sözsüz, arxayınçılığı artırır”, - o qeyd edib.
Qurğuda 15 meqabaytlıq yer tutan “Battery Life” batareya enerjisinin təxminən 1 faizini sərf edir və “Android 4.1” və “Android 6.0.1” platformalarında işləyir.
Nizam Nuriyev