Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” videorabitə ilə ünsiyyət üçün qurğu hazırlayır


"Facebook" şirkəti videorabitə ilə ünsiyyət üçün ilk qurğu hazırlayır. Bu barədə "Bloomberg" agentliyi mənbələrə istinadən məlumat verib.
 
"ICTnews" Elektron Xəbər Xidməti "www.rambler.ru" resursuna istinadən yazır ki, "Android" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək qurğu 13-15 düym diaqonallı böyük sensor ekran, enlibucaqlı "ağıllı" kameralar, süni intellektə malik mikrofon və dinamiklə təchiz edilib. Hazırda ev istifadəsi üçün nəzərdə tutulan qurğu prototipinin sınaqları keçirilir.
 
Məlumata görə, şirkət üçün yeni məhsul kateqoriyasına aid aparatın 2018-ci ilin yazında "F8" proqram tərtibatçıları konfransından sonra təqdim ediləcəyi gözlənilir. Şirkətin planlarına görə, səsli köməkçi funksiyanın qiyməti 100 dollar, videorabitə ilə ünsiyyət üçün qurğunun qiyməti isə bir neçə yüz dollar təşkil edəcək.  
 
Bildirilir ki, videorabitə ilə ünsiyyət üçün qurğu ilə paralel "Facebook" məişət texnikasının səsli idarəetmə texnologiyasının hazırlanması ilə məşğuldur. "Ağıllı" mikrofon artıq "Amazon Echo" və "Google Home" şirkətlərinin texnologiyalarında quraşdırılıb. Mənbələrin məlumatına görə, şirkət "Siri" funksiyasına oxşar səsli köməkçinin hazırlanmasında kömək üçün keçmiş "Apple" əməkdaşlarını işə qəbul edib. Bununla belə, rəqabət fonunda "Facebook" səsli köməkçi funksiyanın hazırlanması fikrindən imtina edərək diqqəti videorabitə ilə ünsiyyət üçün qurğunun hazırlanmasına yönəldə bilər.
 
Nizam Nuriyev 





02/08/17    Çap et