Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni layihə virtual reallıqda Mars planetini öyrənəcək


“FMG Labs” studiyası ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) ilə əməkdaşlıqda “Steam” oyun servisində Mars planetinin tədqiqinə imkan verən “Mars 2030” layihəsini istifadəyə verib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, adi fərdi kompüterdə işə salınan oyun ilk növbədə virtual reallıq kaskaları üçün nəzərdə tutulub. Hazırda layihədən “HTC Vive” və “Oculus Rift” sahibləri yararlanır, lakin gələcəkdə ondan “PlayStation VR” istifadəçilərinin də istifadə edəcəyi gözlənilir.
 
Məlumata görə, “Mars 2030” layihəsində orbital peyklərin real məlumatlarından istifadə etməklə “Unreal Engine 4” oyun qurğusunda yaradılan 40 kvadrat km ərazidə səyahət etmək mümkündür. Layihədə böyük rol oynayan səs planetdə atmosfer təzyiqinə uyğun şəkildə hazırlanıb. Bu halda fonda London simfonik orkestri tərəfindən yazılan musiqi səslənir.
 
Bildirilir ki, oyunçu “Valkyrie” insanabənzər robotu ilə birlikdə Mars səthini tədqiq edir. Tapşırıqlardan biri geoloji nümunələr toplayaraq onları qabaqcıl mikroskop vasitəsilə analiz etməkdir. Bundan başqa, istifadəçi real NASA konseptləri əsasında düzəldilən avadanlıqla gündəlik işləməyi öyrənmək barədə təsəvvür əldə edə biləcək.
 
Həmçinin oyunçu Marsa real uçuşda istifadə olunacaq texnologiyalara baxmaq və planetin 4 milyard il əvvəl olduğu görkəmini görmək imkanına malik olacaq.
 
Nizam Nuriyev





02/08/17    Çap et