Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məlumatların maqnit lent toplayıcılarında saxlanılması üzrə yeni dünya rekordu müəyyənləşib


ABŞ-ın "IBM" şirkəti məlumatların maqnit lent toplayıcılarında saxlanılması üzrə yeni dünya rekorduna imza atıb.
 
"ICTnews" Elektron Xəbər Xidməti "theRunet" resursuna istinadən yazır ki, şirkət əməkdaşları 1 kvadrat düym üçün yazılma sıxlığını 201 gigabit informasiyayadək artırıblar. Bu, hazırkı kommersiya maqnit lent toplayıcılarından 20 dəfə çoxdur. "IBM Research" bölməsinin alimləri 330 terabayt tutumlu sıxılmamış məlumatı ovuc ölçüsündə kartricdə yerləşdirməyə nail olublar. Bu, 3300 milyon kitaba bərabərdir və şirkətin 2006-cı ildən qazandığı beşinci rekorddur. İnformasiyanın yerləşdirilməsi üçün metal tozlandırılmış maqnit lent prototipindən istifadə olunub.
 
Bildirilir ki, maqnit lent toplayıcıları 60 il əvvəl yaradılsa da, hazırda onlardan əksər İT şirkətlərində istifadə olunur. Buna səbəb kimi onların disklərlə müqayisədə qiymət, tutum, kompaktlıq, davamlılıq nisbətinin daha yaxşı olması qeyd olunur. Lent məlumat saxlama sistemlərindən "BDT", "Compaq", "Fujitsu", "Dell", "HP", "Oracle", "Overland Storage", "IBM" və digər şirkətlər istifadə edir. İstehsalçı nümayəndələrinin sözlərinə görə, texnologiyadan gələcəkdə minimum 10 il istifadə ediləcək.   
 
Yeni sistemin hazırlanmasında "IBM" uzun illər Yaponiyanın "Sony" şirkəti ilə aktiv əməkdaşlıq edib.
 
Nizam Nuriyev 





02/08/17    Çap et