Süni intellekt antiviruslar üçün görünməz viruslar yaradıb
"DEF CON" haker konfransında çıxış edən "Endgame" şirkətinin eksperti Hiram Anderson kompüter təlimi sistemi tərəfindən zərərverici proqram təminatının yaradılmasını nümayiş etdirib.
Söhbət tam formatlı troyan viruslarının yaradılmasından getmir, ancaq Hiram kompüter təlimi sistemini elə sazlayıb ki, o, qanuni kodu zərərverici koda çevirib və bu halda çox vaxt antivirus həlləri üçün görünməz olub.
"ICTnews" Elektron Xəbər Xidməti
cnews.ru saytına istinadən yazır ki, alqoritm aşağıdakı kimidir: kompüter təlimi sistemi ikilik koda kiçik dəyişikliklər edir, onu antivirus mühərriki ilə yoxlayır, antivirusdan göndərilən məlumatları təhlil edir və yeni modifikasiyalar yaradır.
"Endgame" şirkəti tərəfindən yaradılmış sistem 15 saat ərzində ümumilikdə 100 min zərərverici proqram təminatı yaradıb. Onlardan 16%-i antivirus mühərrikləri üçün görünməz olub.
Hiram Andersonun sözlərinə görə, belə yanaşma, həmçinin öz işində kompüter təlimi və süni intellektdən istifadə edən antivirus həllərini aldatmağa imkan verir.
Beləliklə, indi "növbəti nəsil antiviruslar" növbəti nəsil viruslarla mübarizə aparmalı olacaq.
Emil Hüseynov