Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Səhiyyə işçiləri də güzəştli şərtlərlə “Xalq kompyuteri” alacaq


“Xalq kompyuteri” layihəsinin icrası Azərbaycanda hökumət-özəl tərəfdaşlıq konsepsiyasının, dövlət strukturlarının və İKT sektorunun dünyada aparıcı biznes qurumları ilə birgə işbirliyinin təzahürüdür.

Layihə "Hər ailə üçün kompyuter" şüarı altında həyata keçirilir və artıq 14 mindən çox insan layihə çərçivəsində güzəştli şərtlərlə kompyuter əldə edib. İndiyədək layihə ümumtəhsil və ali məktəblərin müəllimlərinə, tələbə və şagirdlərə şamil edilirdi.

Həyata keçiriləcək yeniliyin tətbiqindən sonra digər dövlət strukturlarında çalışanlar da bu xidmətdən yararlana biləcək. İlk öncə bu səhiyyə sahəsinin olması planlaşdırılır. Xatırladaq ki, kompyuter almaq istəyənlər sadə şərtlərlə - 12 ay boyunca hər ay ödəniş etməklə istəyinə nail ola bilir.

Layihə həm Bakıda, həm də regionlarımızda geniş vüsət alıb. “Xalq kompyuteri” layihəsi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, “HP”, “Microsoft” və “Bestcomp Group” şirkətlərinin tərəfdaşlığı ilə həyata keçirilir. Layihə uğurla inkişaf edir.

Layihəyə “Symantec” , “Azərcell”, “Azərfon” kimi böyük şirkətlər də qoşularaq, layihə çərçivəsində satılan kompyuterlərlə birlikdə alıcılara bazar qiymətindən çox aşağı qiymətlərlə antivirus proqramı və internet xidmətləri təqdim edirlər.




11/10/11    Çap et