Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Alimlər insanın yuxusunu məsafədən təhlil etməyi öyrəniblər


Əksər insanlar yuxu pozğunluğundan əziyyət çəkir. Bu, klinikalarda yuxu zamanı pasiyentin bədəninə qoşulan elektrodların köməyi ilə diaqnostika edilir. Lakin bu metod müəyyən mənada narahatçılıq yaradır. İndi Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri tərəfindən yaradılmış  qurğu radio dalğaların köməyi ilə məsafədən yuxunu təhlil etmək və ona nəzarətə imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti naked-science.ru saytına istinadən yazır ki, yeni metod Massaçusets Texnologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Kompüter Elmləri və Süni İntellekt laboratoriyasının (“CSAIL”) əvvəlki həllinə (emosiyaların müəyyənləşdirilməsi və ev şəraitində insanın hərəkət sürətinin ölçülməsi üçün radio tezlik siqnallarından istifadə edilib) əsaslanır. Hər iki halda radio dalğalar insana tərəf ötürülür, sonra qəbulediciyə doğru geri qayıdır. Geri qayıtmış dalğaların dəyişikliklərini təhlil edən sistem araşdırılan şəxs haqda xeyli informasiya toplaya bilir.
 
Kiçik qutu formasında olan yeni qurğu “Wi-Fi router”i xatırladır və evdə quraşdırıla bilər. Bu qurğuda radio tezlik siqnallarını ötürən və qəbuledən aparat mövcuddur. Massaçusets Texnologiya İnstitutunun alimləri radio dalğaların təhlili üçün neyron şəbəkəsindən istifadə ediblər ki, bu da otaqdakı müxtəlif əşyalardan çıxan radiosiqnalları fərqləndirməyə imkan verib.
 
Yeni sistemi 25 könüllü üzərində sınaqdan keçirən alimlər aşkar ediblər ki, onun dəqiqliyi 80%-yə yaxındır. Bu, çox vaxt yuxu klinikalarında istifadə edilən elektroensefaloqrafiyanın dəqiqliyi ilə müqayisə oluna bilər.
 
Emil Hüseynov





09/08/17    Çap et